Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 81-ci ildönümünə həsr olunmuş “Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksəksəviyyəli strateji dialoq keçirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, dialoq çərçivəsində dayanıqlı inkişaf sahəsində Azərbaycan–BMT əməkdaşlığının prioritetləri, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Qarabağ iqtisadi rayonunda lokallaşdırılması, eləcə də regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi imkanları müzakirə olunur.
Çıxışlarda Azərbaycanın iqtisadi inkişaf strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, müxtəlif dövrlərdə qəbul edilmiş iqtisadi inkişaf strategiyaları, dövlət proqramları və fəaliyyət planları ölkənin sosial-iqtisadi inkişafına, strateji hədəflərin reallaşdırılmasına mühüm töhfə verib.
Təqdimat zamanı iqtisadi inkişaf strategiyalarının əsas istiqamətləri, müxtəlif sahələr üzrə həyata keçirilən tədbirlər və Dayanıqlı İnkişaf Məqsədlərinin milli inkişaf prioritetlərinə inteqrasiyası barədə məlumat verilib.
İqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının dəstəklənməsi, investisiyaların təşviqi və yeni iş imkanlarının yaradılması dayanıqlı inkişafın mühüm istiqamətləri kimi diqqətə çatdırılıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, məşğulluğun təmin edilməsi və regionun iqtisadi potensialının reallaşdırılması məsələləri diqqət mərkəzində olub.
Bildirilib ki, dövlət investisiya proqramları çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dövlət büdcəsindən təxminən 6 milyard manat vəsait yönəldilib. Həyata keçirilən layihələr yaşayış məntəqələrinin bərpası, infrastrukturun yenidən qurulması, iqtisadi fəallığın artırılması və əhalinin doğma yurdlarında davamlı məskunlaşması üçün şəraitin yaradılmasına xidmət edir.
Qeyd olunub ki, regionda dayanıqlı inkişafın təmin edilməsi yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır.
Eyni zamanda, yeni iqtisadi fəaliyyət sahələrinin formalaşdırılması, özəl investisiyaların cəlb edilməsi, sahibkarlığın inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
Strateji dialoqun əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin Qarabağ iqtisadi rayonunun inkişaf proseslərinə inteqrasiyasını, Azərbaycan–BMT tərəfdaşlığının gələcək istiqamətlərini və regionun dayanıqlı sosial-iqtisadi inkişafına töhfə verəcək birgə fəaliyyət imkanlarını dəyərləndirməkdir.Qarabağ Universitetində keçirilən tədbir dayanıqlı inkişaf gündəliyinin regional səviyyədə həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyət kəsb edir.
Xatırladaq ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko və digər rəsmi şəxslər iştirak edirlər.

