Ülvi Mehdiyev: Dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb

Ülvi Mehdiyev: Dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb backend

Azərbaycanın “ASAN xidmət” modeli beynəlxalq səviyyədə geniş tətbiq olunur. Hazırda 52 dövlət bu modelin təcrübəsini öyrənir və Azərbaycanla əməkdaşlıq edir. Model əsasında dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb və həmin mərkəzlər 800 milyona yaxın insana xidmət göstərir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə,  bunu Xankəndidə keçirilən “SOCGOV 2026” beynəlxalq forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O, bildirib ki, “ASAN xidmət” modelinin əsas məqsədi bütün vətəndaşlar üçün əlçatan və şəffaf xidmətlərin təmin edilməsi, heç kimin kənarda qalmaması prinsipinin həyata keçirilməsidir.

Qeyd olunan göstəricilərə əsasən, dünya əhalisinin təxminən 10 faizi bu model əsasında fəaliyyət göstərən xidmət mərkəzlərinin əhatə dairəsindədir.

Ü.Mehdiyev rəqəmsal analitikanın əhəmiyyətini xüsusi qeyd edərək bildirib ki, görülən işlərin və əldə olunan nəticələrin real vaxt rejimində təhlili xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün yeni imkanlar yaradır.

Vətəndaşların gözləntiləri, müraciətləri, şikayətləri və təşəkkürlərinin rəqəmsal mühitdə təhlil edilməsi mümkün problemlərin vaxtında müəyyənləşdirilməsinə və aradan qaldırılmasına şərait yaradır.

Onun sözlərinə görə, bu yanaşma biznes proseslərinin optimallaşdırılmasına, xidmətlərin daha səmərəli təşkilinə və nəticə etibarilə vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Qeyd edək ki, “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusuna həsr olunan “SOCGOV 2026” beynəlxalq forumunda 12 ölkədən 300-ə yaxın nümayəndə iştirak edir. Forum sosial xidmətlərdə rəqəmsal analitikanın və süni intellektin tətbiqi, innovativ idarəetmə mexanizmlərinin inkişafı və beynəlxalq təcrübə mübadiləsi məsələlərini əhatə edir.