Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilir - FOTO

Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilir - FOTO backend

Oktyabrın 23-də  Xankəndi şəhərində sosial xidmətlərin rəqəmsal transformasiyası, süni intellektin idarəetmədə rolu və müasir texnologiyaların tətbiqi məsələlərinə həsr olunan “SOCGOV 2026” beynəlxalq konfransı öz işinə başlayıb.

“Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunu əhatə edən forum, müxtəlif ölkələrdən dövlət qurumlarının nümayəndələrini, beynəlxalq ekspertləri və sosial siyasət üzrə mütəxəssisləri bir araya gətirib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, tədbirdə 12 ölkəni təmsil edən 300-ə yaxın iştirakçı sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və idarəetmədə yeni yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparır.

Konfransın əsas məqsədi rəqəmsal analitika və süni intellekt imkanlarından istifadə etməklə, sosial xidmətlərin daha səmərəli, əlçatan və şəffaf təşkilinə töhfə verməkdir.

Bu çərçivədə dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi, məlumatlara əsaslanan qərarların qəbulu və innovativ texnologiyaların sosial müdafiə sisteminə inteqrasiyası diqqət mərkəzindədir.

Forumun proqramına TEDx formatında debatlar, tematik işçi qruplarının müzakirələri və beynəlxalq təcrübə mübadiləsi daxildir. İştirakçılar, həmçinin süni intellektin sosial xidmətlərdə tətbiqi zamanı etik prinsiplərin qorunması, rəqəmsal həllərin idarəetmədə yaratdığı imkanlar və gələcək inkişaf perspektivlərini müzakirə edirlər. 

Beynəlxalq forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beynəlxalq forumun sosial xidmətlərin gələcəyinin müəyyənləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və qabaqcıl təcrübələrin mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. O, forumun Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümü ərəfəsində keçirilməsinın xüsusi məna daşıdığından, Vətən müharibəsindən sonra dövlət başçısının tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyindən və bu tədbirlərin ümumilikdə 632 minə yaxın şəxsi əhatə etdiyindən, həmin kateqoriyadan olan vətəndaşların müavinət və təqaüdləri orta hesabla iki dəfədən çox artırıldığından da danışıb.

Nazir, həmçinin müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, müharibə zamanı yaralanmış hərbi qulluqçuların reabilitasiya xidmətləri və yüksək texnologiyalı protez vasitələri ilə təminatı istiqamətində görülən işləri qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını vurğulayan Anar Əliyev forumun Xankəndidə təşkilinin rəmzi əhəmiyyət daşıdığını bildirib.

Qeyd edib ki, bu gün həmin ərazilərdə müasir infrastruktur yaradılır, yeni həyat qurulur, müasir şəhərsalma və “Ağıllı şəhər” konsepsiyaları həyata keçirilir. Nazir çıxışında sosial müdafiə sistemində rəqəmsal transformasiyanın əhəmiyyətinə xüsusi diqqət çəkib. Bildirib ki, müasir dünyada məlumatlara əsaslanan qərarvermənin rolu getdikcə artır, süni intellekt və rəqəmsal analitika sosial xidmətlərin daha səmərəli təşkili üçün geniş imkanlar yaradır.Vurğulanıb ki, əmək, məşğulluq və sosial müdafiə sahələrində elektron xidmətlərin genişləndirilməsi, informasiya sistemlərinin inteqrasiyası və xidmətlərin vahid rəqəmsal platformada təşkili vətəndaşların dövlət xidmətlərinə çıxışını asanlaşdırır, idarəetmədə çevikliyi və şəffaflığı artırır.

Bu istiqamətdə “e-Sosial” platformasının əhəmiyyətinə toxunan nazir qeyd edib ki, rəqəmsal həllər vətəndaşlara sosial xidmətlərdən vahid platforma üzərindən yararlanmaq, müvafiq məlumatları əldə etmək və xidmətlərdən daha rahat istifadə etmək imkanı verir.Anar Əliyev elektron xidmətlərə müraciətlərin sayının rəqəmsallaşma prosesinin miqyasını nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, cari ilin ilk doqquz ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 84 milyondan çox müraciət daxil olub.Nazir süni intellektin tətbiqinin sosial xidmətlərin fərdi ehtiyaclara uyğunlaşdırılması, sosial risklərin daha dəqiq qiymətləndirilməsi və idarəetmə qərarlarının məlumatlar əsasında qəbul edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edib ki, rəqəmsal transformasiya və ağıllı idarəetmə texnologiyalarından səmərəli istifadə vətəndaş rifahının yüksəldilməsinə, bərabər imkanların genişləndirilməsinə və müasir sosial dövlət modelinin möhkəmləndirilməsinə xidmət edir.Çıxışda məşğulluq sahəsində rəqəmsal həllərin tətbiqinin vacibliyi də diqqətə çatdırılıb.

Əmək bazarının təhlili, vakansiyalar barədə məlumatların əlçatanlığı, işaxtaranların məşğulluq imkanlarının artırılması və karyera planlaşdırılması müasir texnologiyaların mühüm tətbiq istiqamətləri kimi qeyd olunub.Bildirilib ki, sosial xidmətlərin rəqəmsal transformasiyası yalnız texnoloji yeniliklərin tətbiqi deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha səmərəli qurulması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və hər bir vətəndaşın ehtiyaclarına uyğun yanaşmanın təmin edilməsi deməkdir.

Qeyd edək ki, tədbir çərçivəsində sosial xidmətlər sahəsində süni intellekt əsaslı innovativ həlləri təşviq edən “AI4DOST Social Award” beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur.Beynəlxalq tədbirin Xankəndidə təşkili, şəhərin müasir inkişaf və əməkdaşlıq məkanı kimi mövqeyinin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Müxtəlif ölkələrin təmsilçilərini bir araya gətirən forum Qarabağda formalaşan yeni həyatın, rəqəmsal inkişaf imkanlarının və müasir idarəetmə yanaşmalarının beynəlxalq auditoriyaya təqdim olunmasına şərait yaradır.