Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cins damazlıq heyvanların verilməsinə başlanıb.
Qaziler.az bu barədə nazirliyin məlumatına istinadla xəbər verir.
Qeyd edilib ki, bu sahədə ilk aktivlər - “Simmental” və “Holstein” cinslərinə aid heyvanlar Ağdam, Xocalı və Laçın rayonlarında sakinlərə təqdim olunub və onların hər birinə 2 baş cins inək verilib.
Ağdam rayonunun Xıdırlı kəndində cins heyvanların verilməsi tədbirində bildirilib ki, cins damazlıq heyvanların paylanışına işğaldan azad edilmiş ərazilərdən başlanması təsadüfi deyil.
Çünki işğaldan azad edilmiş rayonlar yenidən canlanır, iqtisadiyyat bərpa olunur və yerli əhali öz işlərini qurur. Özünüməşğulluq proqramı isə bu yenidənqurma və dirçəliş prosesində bir dəstəkdir.
Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə köçürülmüş şəxslərdən bugünədək 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu bizneslərin 661-i kənd təsərrüfatı, 455-i isə istehsal və xidmət istiqamətləri üzrədir.
Cins heyvandarlıq üzrə aktivlərin təqdim edilməsi özünüməşğulluq proqramına cəlb olunan sakinlərin təsərrüfat fəaliyyətinin inkişafına, məhsuldarlığın artırılmasına və dayanıqlı gəlir imkanlarının formalaşdırılmasına dəstək məqsədi daşıyır.
Yeni zərf üzrə aktivlərin təqdim olunması növbəti günlərdə Xocavənd və Ağdərə rayonlarında davam etdiriləcək.

