Zəngilan Şəhəri Günü ilk dəfə şəhərdə qeyd olunub

Zəngilan Şəhəri Günü ilk dəfə şəhərdə qeyd olunub backend

Oktyabrın 20-də Zəngilan Şəhəri Günü ilk dəfə şəhərdə silsilə tədbirlərlə qeyd olunub.

APA xəbər verir ki, tədbirlər çərçivəsində Zəngilan Konqres Mərkəzində “Zəngilan Plov Festivalı”nın açılışı olub.

Qonaqlara bölgəyə məxsus ənənəvi plov çeşidləri təqdim edilib, qurama və həsir toxuma sənəti üzrə nümayişlər keçirilib.

Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilanın tarixini, təbiətini və müasir mənzərəsini əks etdirən “Zəngilan – zamanın qanadlarında” adlı fotosərgi təşkil olunub. Uşaqlar üçün rəsm və əl işləri sərgisi, face-art, rəssamlıq üzrə ustad dərsləri keçirilib, XX Uşaq Teatrının təqdimatında tamaşa göstərilib.

Daha sonra M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistlərinin və F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə bayram konserti təqdim olunub. Konsert proqramında xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri və milli rəqslər yer alıb.

Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, şəhid ailələrinin üzvləri, dövlət qurumlarının nümayəndələri, eləcə də Zəngilan və ətraf rayonların sakinləri iştirak ediblər.

Zəngilan Yaşayış Kompleksində musiqi nömrələri və atəşfəşanlıqla başa çatan tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və həmin rayonlarda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.