Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib.
Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr olunan kitabın təqdimatı Azərbaycan Evində təşkil edilib.
Rəssam Nübar Əzimovanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Evinin rəhbəri Sevda Tahirli kitabın tarixi yaddaşın qorunması və Azərbaycan mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, İrəvanın tarixi, burada yaşamış azərbaycanlı ailələrin keçmişi və onların milli-mədəni irsinin sənədlər əsasında araşdırılması tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından mühüm elmi və ictimai əhəmiyyət daşıyır.
Təqdimat zamanı kitab haqqında videoçarx nümayiş etdirilib.
Daha sonra müəllif, professor Fəridə Səfiyeva nəşrin elmi məzmunu, hazırlanmasının məqsədi və tədqiqatın əsas istiqamətləri barədə məlumat verib. Bildirilib ki, müəllifin İrəvan mövzusuna həsr etdiyi üçüncü kitab olan bu nəşr əvvəlki tədqiqatlardan fərqli olaraq, əsasən arxiv materialları, tarixi sənədlər, fotoşəkillər, məktublar və şəxsi arxivlər əsasında hazırlanıb.
Kitabda İrəvanda yaşamış on tanınmış Azərbaycan ailəsinin tarixi, nəsil şəcərələri, ictimai və mədəni həyatda yeri, onların Azərbaycan elminə, mədəniyyətinə və digər sahələrə verdikləri töhfələr araşdırılır. Nəşrdə təqdim olunan sənədlər və ailə arxivlərindən əldə edilmiş materiallar ayrı-ayrı nəsillərin həyat tarixçəsini işıqlandırmaqla yanaşı, İrəvanın tarixi-mədəni mühitinin öyrənilməsinə də mühüm töhfə verir. Kitabın sonunda yer alan beş məqalədə isə İrəvanın tanınmış şəxsiyyətlərinin həyatı və fəaliyyəti işıqlandırılır.
Müəllif çıxışında İrəvanla bağlı araşdırmalarının şəxsi və ailə yaddaşı ilə əlaqəsindən də bəhs edib. O bildirib ki, bu mövzunun elmi baxımdan öyrənilməsi yalnız keçmişin faktlarının üzə çıxarılması deyil, həm də tarixi yaddaşın sənədlər vasitəsilə qorunması və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətlidir.
Tədbirdə iştirak edən qonaqlar kitabın elmi və tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüb, müəllifə təbriklərini çatdırıblar. İrəvan və Qərbi Azərbaycan mənşəli ziyalılar ailələrinin keçmişi, ata-babalarının həyatı və tarixi yaddaşla bağlı xatirələrini bölüşərək, bu cür tədqiqatların əhəmiyyətini qeyd ediblər.
Vaşinqton səfəri çərçivəsində Fəridə Səfiyevanın İrəvanın tarixinə həsr edilmiş iki kitabı Konqres kitabxanasının kataloquna daxil edilib və ona həmin kitabxananın üzvlük vəsiqəsi təqdim olunub.
Kitabların Konqres Kitabxanasının kataloqunda yer alması onların dünyanın müxtəlif ölkələrindəki tədqiqatçılar, tarixçilər və oxucular tərəfindən tapılmasına, araşdırılmasına və elmi istinadlarda istifadə olunmasına imkan yaradır.

