Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib - FOTO

Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun birgə təşkilatçılığı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün karyera sərgisi keçirilib. 

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və 150-dən çox Dövlət Proqramı məzunu iştirak edib.

 

Həsən Həsənli Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq ölkəmizə qayıdan məzunların ölkəmizdəki inkişaf proseslərinə verdikləri töhfələri qeyd edib. Proqram çərçivəsində əldə olunan nəticələrin əhəmiyyətini, həmin məzunların ölkəmizin gələcəyinin qurulmasında mühüm rolunu diqqətə çatdırıb.

 

Rəşad Mustafayev Dövlət Proqramının yeni məzunlarının Azərbaycanın əmək bazarına mühüm töhfələr verəcəklərinə inamını ifadə edib. Gənclərin əmək bazarına çxışının dəstəklənməsi üçün ardıcıl işlərin aparıldığını, bu tədbirin də gənclər üçün öz bilik və bacarıqlarını işəgötürənlərə nümayiş etdirmək, eləcə də yeni iş imkanları ilə tanış olmaq imkanı yaratdığını vurğulayıb.

 

Karyera sərgisində 40-dan çox dövlət və özəl qurum 150-dən çox vakansiya ilə təmsil olunub. Məzunlar işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və karyera imkanlarını müzakirə etmək imkanı əldə ediblər.

 

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.

 

Qeyd edək ki, 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində bu günədək 738 nəfər məzun statusu qazanıb.