TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi nələri dəyişəcək? – Şərh

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi nələri dəyişəcək? – Şərh backend

Azərbaycan səhiyyəsində idarəetmə modelinin yenilənməsi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının artırılması üçün yeni imkanlar yaradır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Trend-ə bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçid kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, yeni model səhiyyə siyasətinin formalaşdırılması ilə tibbi xidmətlərin təşkili arasında daha birbaşa institusional əlaqə yaradır.

“Əsas məsələ yalnız idarəetmə strukturunun dəyişməsi deyil, bu dəyişiklik nəticəsində səhiyyə sisteminin daha çevik, şəffaf, məsuliyyətli və vətəndaşın ehtiyaclarına həssas fəaliyyət göstərməsidir”, – deputat qeyd edib.

M.Məmmədli bildirib ki, yeni idarəetmə mərhələsində tibbi xidmətlərin keyfiyyətinə, xəstəxanaların fəaliyyətinə və idarəetmə nəticələrinə görə məsuliyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsi üçün imkan yaranır.

Deputatın fikrincə, xəstəxanaların fəaliyyətinin qiymətləndirilməsində xəstələrin tibbi xidmətə çıxış müddəti, müayinə və müalicənin keyfiyyəti, pasiyent məmnunluğu və maliyyə səmərəliliyi kimi göstəricilər nəzərə alınmalıdır.

O vurğulayıb ki, Azərbaycan səhiyyəsinin qarşısında duran mühüm vəzifələrdən biri Bakı ilə regionlar arasında tibbi xidmətlərə çıxış imkanlarının daha da yaxınlaşdırılmasıdır. Rayon və kənd yerlərində ixtisaslı tibbi xidmətlərə çıxışın genişləndirilməsi, həkim çatışmazlığının aradan qaldırılması və təcili tibbi yardımın operativliyinin artırılması davamlı diqqət tələb edir.

M.Məmmədli hesab edir ki, yeni idarəetmə mərhələsində tibb işçilərinin peşəkar inkişafı, davamlı tibbi təhsil, motivasiya mexanizmləri və şəffaf kadr siyasəti əsas prioritetlər sırasında olmalıdır.

“Ən müasir xəstəxana infrastrukturu belə peşəkar həkim və orta tibb işçiləri olmadan gözlənilən nəticəni verə bilməz”, – deputat bildirib.

O, həmçinin rəqəmsal səhiyyə sistemlərinin inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Deputatın sözlərinə görə, elektron sağlamlıq kartları, vahid tibbi məlumat bazası, elektron göndərişlər və elektron növbə sistemi səhiyyə idarəçiliyinin keyfiyyətini yüksəldə bilər.

M.Məmmədli qeyd edib ki, yeni idarəetmə modelinin nəticələri həkim qəbuluna gözləmə müddətinin azalması, diaqnostik müayinələrə əlçatanlığın yüksəlməsi, regionlarda ixtisaslı tibbi xidmətlərin genişlənməsi və pasiyent məmnunluğunun artması kimi konkret göstəricilər əsasında qiymətləndirilməlidir.

Deputat vurğulayıb ki, səhiyyə sistemində həyata keçirilən dəyişikliklərin mərkəzində insan amili dayanmalı, idarəetmədəki yeniliklər vətəndaşların sağlamlığının qorunmasına xidmət etməlidir.

Xatırladaq ki, bugün TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.