Xankəndidə  seminar keçirilib

Xankəndidə  seminar keçirilib backend

"Parla Academy"nin Xankəndi filialında “Dil və ünsiyyət” adlı interaktiv seminar keçirilib.

Müəllimlər, tələbələr və məktəblilərin iştirak etdiyi tədbir, Dövlət Himninin səsləndirilməsi və  şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.  

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, "Parla Academy" Xankəndinin həmtəsisçiləri 40 illik pedaqoji təcrübəyə malik Rəşid  Kərimov və Nəsib İbrahimov çıxış edərək, gənclərin təhsilinə dəstək, öyrənilən biliklərin praktik bacarıqlara çevrilməsi və Xankəndidə maarifləndirici görüşlərin davamlı keçirilməsinin əhəmiyyətini  vurğulayıblar. Seminarda ingilis dili müəllimi və sinxron tərcüməçi Roman Rəhimli “İngiliscə bilirsən, bəs niyə danışa bilmirsən?” mövzusunda çıxış edib. O, danışıq zamanı yaranan çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb, iştirakçılarla praktik məşqlər keçirib. Psixopedaqoq Ayşən Cavadova “Dil biliklərinin bizə psixoloji təsiri” mövzusunda fikirlərini bölüşüb. İşarət dili mütəxəssisi, təlimçi və tərcüməçi Şamil Sabirzadə isə “Səssizlik fərq deyil, eynilikdir!” mövzusunda çıxış edərək iştirakçıları işarət dili ilə tanış edib və bəzi işarələri öyrədib. Tədbirdə akademiyanın 11-ci sinif tələbəsi, qaydasız döyüş üzrə respublika çempionu Rasim Əsədzadənin uğuru da qeyd olunub. Tələbələrin akademik nəticələri ilə yanaşı, fiziki və mənəvi inkişafının dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.Seminarın sonunda ingilis dili dərsləri ilə maraqlanan iştirakçılar üçün ayrıca məlumatlandırıcı görüş keçirilib. Qeyd edək ki, Parla Academy Xankəndidə gənclərin inkişafına yönəlmiş seminar və maarifləndirici görüşləri davam etdirməyi nəzərdə tutur.