Mətbuat Şurasının yeni sədri seçilib
Qaziler.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.
Qeyd edək ki, Əliyev Vüqar Zifər oğlu 1978-ci il oktyabrın 12-də Bakı şəhərində anadan olub. 1985–1995-ci illərdə Osman Mirzəyev adına 190 saylı orta məktəbdə təhsil alıb. 1995–2001-ci illərdə Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistratura təhsili alıb.
1999–2001-ci illərdə müxtəlif mətbuat orqanlarında çalışıb. 2001-ci ildən Bakı Dövlət Universitetində fəaliyyət göstərir. 2001–2004-cü illərdə universitetin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş laborant vəzifəsində işləyib. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasında müəllim kimi çalışır. 2010–2017-ci illərdə “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2017-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.
2005-ci ildə “Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2017-ci ildə “Müasir dövrdə xarici KİV-də informasiya ilə manipulyasiya və onun Azərbaycanın internet mediasına təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktorudur.
Vüqar Zifəroğlu beynəlxalq jurnalistika, yeni dünya jurnalistikası, xarici ölkələrin müasir KİV sistemi, müasir beynəlxalq münasibətlər və jurnalistika fənlərini tədris edir. Üç tədris-metodik vəsaitin, bir monoqrafiyanın və üç kitabın müəllifidir.
Ailəlidir, iki övladı var.

