Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 20-yə yaxın şəhid övladı üçün Zəfər Muzeyinə ekskursiya təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, vətən müharibəsinin 6-cı ildönümü günlərində keçirilən tədbirdə iştirakçılar Azərbaycanın tarixi Zəfərini, ordumuzun döyüş yolunu və dövlət suverenliyimizin bərpasını əks etdirən muzey ekspozisiyası ilə tanış olublar.
Muzeyin 8 ekspozisiya zalında nümayiş etdirilən tarixi faktlar, foto və videomateriallar, interaktiv təqdimatlar, həmçinin muzey üçün xüsusi hazırlanmış eksponat və maketlər iştirakçılara münaqişənin tarixi, 44 günlük Vətən müharibəsinin gedişi və şanlı Zəfərimiz barədə ətraflı məlumat əldə etmək imkanı yaradıb.
Ekskursiya şəhid övladlarının milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların tarixi yaddaşının və vətənpərvərlik ruhunun formalaşdırılması, eləcə də cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.

