Daha 30 ukraynalı uşaq Azərbaycanda reabilitasiya olunacaq - FOTO 

Daha 30 ukraynalı uşaq Azərbaycanda reabilitasiya olunacaq - FOTO  backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.  

Qaziler.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Uşaqların Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 gün davam edəcək proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji dəstəklə təmin olunması nəzərdə tutulur.

Reabilitasiya proqramı uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması, sosiallaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır. 

Belə ki, proqram müddətində fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Bununla yanaşı, uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vannadan istifadə, art-terapiya və digər reabilitasiya xidmətlərindən faydalanacaqlar.

Onların Qəbələylə yanaşı, Şəki və Şamaxıdakı tarixi və görməli yerlərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

Ötən dövrdə Ukraynadan 700-dən çox uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.