7 oktyabr 2026-cı ildə İtaliyada Azərbaycanın görkəmli maarifçisi Şəfiqə Əfəndizadəyə həsr olunmuş yeni kitabın təqdimat mərasimi keçirilib. “Kölgələrdən səslər və baxışlar: Lina Pietravalle – Şəfiqə Əfəndizadə – Gözlənilməz yaxınlıqlar” adlı əsərin müəllifləri biri italyan, biri isə azərbaycanlı olan iki qadın ziyalıdır. Bu ilin əvvəlində Romanın “Bastogi Libri” nəşriyyatında işıq üzü görən, Roberta Manualinin rəhbərliyi, Maria Stella Rossi və Məleykə Hüseynovanın (Melaike Hüseyin) həmmüəllifliyi ilə ərsəyə gələn bu cild həftə ərzində Molize bölgəsinin mədəni gündəminin mərkəzində olub.
Tədbir Lina Pietravallenin doğulduğu Molize bölgəsində yerləşən və tarixi turizm məkanı olan “La Piana dei Mulini” iqamətgahında baş tutub. Bu görüş, sözügedən məkan tərəfindən təşkil edilən “Stagioni d’Autore” tədbirlər silsiləsi çərçivəsində keçirilib. Bölgənin füsunkar mənzərələrini və mətbəxini nümayiş etdirməklə yanaşı, bu festival sosioloq, müəllim və jazz ifaçısı Culiya Mazellinin (Giulia Maselli) bədii rəhbərliyi altında ədəbiyyat, musiqi, kino, ekologiya və cəmiyyətin görkəmli simalarına ehtiram bəsləyən daimi bir mədəniyyət platforması rolunu oynayır.
Şəfiqə Əfəndizadə kimi Lina Pietravalle də dövrünün aparıcı ziyalılarından biri olub, ədəbiyyat və jurnalistika sahələrinə mühüm töhfələr verib. Lakin azərbaycanlı həmkarı kimi, onun da buraxdığı dərin iz zamanla kölgədə qalıb və cəmiyyət qadın hüquqları uğrunda mübarizədə müstəsna rol oynamış bu fədakar şəxsiyyətin irsinə karşı bir müddət laqeydlik nümayiş etdirib.
Lina Pietravalle (1887–1956) Neapol xəstəxanalarında Səhiyyə Xidmətlərinin Baş Direktoru vəzifəsində çalışmış, tanınmış həkim Mikele Qaetano Pietravallenin (1858–1923) qızı idi. Ali Səhiyyə Şurasının üzvü olan Mikele vərəm kimi xəstəliklərin yayılmasına qarşı mübarizədə mühüm milli təşəbbüslərin müəllifi olub. O, həmçinin İtaliya Krallığı dövründə görkəmli radikal və solçu siyasətçi kimi tanınıb, 23-cü çağırışdan 27-ci çağırışa qədər ardıcıl olaraq parlament üzvü kimi fəaliyyət göstərib. Onun siyasi nüfuzu Deputatlar Palatasının vitse-prezidenti seçilməsi ile zirvəyə çatıb. 28 iyun 1923-cü ildə Mikele Pietravalle Neapoldakı Piazza Oberdan meydanında vəhşicəsinə pusquya salınaraq qarnından bıçaqlanıb və beş gün sonra – 2 iyulda vəfat edib. Təntənəli dövlət dəfn mərasiminə baxmayaraq, onun qətlinin üstü rəsmi olaraq açılmayıb. Tarixçilər bu hadisəni Matteotti böhranından əvvəl baş verən, faşizm ideyalarından qaynaqlanan ilk siyasi sui-qəsdlərdən biri hesab edirlər.
Bu qəbildən planlaşdırılan ikinci tədbir olmasına baxmayaraq, təqdimat mərasimi yerli hakimiyyət orqanlarının və bölgə ziyalılarının böyük marağı sayəsində böyük izdihamla keçib. Fəxri qonaqlar arasında Molizenin müxtəlif bələdiyyələrinin rəhbərləri də var idi: Çiauçi (Chiauçi) meri Antonio Sferra və şəhər şurasının üzvü Sara Di Lonardo, Makkiadoğena (Macchiagodena) meri Feliçe Çikkone (Felice Ciccone) və mədəniyyət müşaviri Korrado Del Buono (Corrado Del Buono), həmçinin Skapoli (Scapoli) meri Emilio Riççi (Emilio Ricci) və Salçito (Salcito) meri Covanni Çelli (Giovanni Celli). Bundan əlavə, Kaprakotta (Capracotta) meri Kandido Palione (Candido Paglione) da Anyone (Agnone) meri Daniele Saia ilə birlikdə tədbirə xüsusi dəstək mesajları ünvanlayıblar.
Görüşün məqsədlərindən danışan Culiya Mazelli mədəni baxışlarını və regionun tədbirlər şəbəkəsini zənginləşdirmək üçün həyata keçirdiyi layihələri bölüşüb. Daha sonra Molize bölgəsinin mədəniyyət və turizm üzrə nümayəndəsi, hüquqşünas Fabio Kofeliçe (Fabio Cofelice) çıxış edib. O, qlobal və regional siyasi çağırışlara qarşı mübarizədə möhkəm mədəni təmələ sahib olmağın, universal dəyərləri müdafiə edən tarixi şəxsiyyətlərin nümunəsindən güc almağın vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Maria Stella Rossi Məleykə Hüseynova ilə dostluğunun tarixindən söz açıb. O qeyd edib ki, bu dostluq Molizenin mədəni irsinin, yazıçı Lina Pietravallenin əsərlərinin, eləcə də qadınların cəmiyyətdəki rolunun təşviqi kimi ortaq bir vizyona söykənən əməkdaşlıq sayəsində yaranıb.
Melaike Hüseyin moderator Culiya Mazelliyə minnətdarlığını bildirib, Azərbaycanın qadın hüquqları sahəsində qabaqcıl bir ölkə kimi tarixi əhəmiyyətindən danışıb və əsərin coğrafi, həmçinin mədəniyyətlərarası əhatə dairəsini vurğulayıb. O, kitabın Pietravalle və Əfəndizadə kimi güclü şəxsiyyətlərin nümunəsində oxuculara qadın hüquqlarının tarixi inkişafına unikal bir baxış bucağı təqdim etdiyini diqqətə çatdırıb. Kitabda müəllif, xüsusilə ölkədə müstəqil mətbuatın roluna və görkəmli şəxsiyyətlərin atdığı ilk addımlara diqqət yetirərək, Rusiya İmperiyası dövründə Azərbaycanın tarixi və iqtisadi kontekstini işıqlandırır. O dövrdə Azərbaycan qadınlarının sosial vəziyyətini təhlil edən müəllif, İslam dəyərlərinə dərindən bağlı olmaqla yanaşı, qızlarını savadlı və cəmiyyətin fəal üzvləri kimi böyüdən, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan millətinin transformasiyasına böyük töhfə verən ataların maarifçi mövqeyini xüsusi vurğulayır.
Şəfiqə Əfəndizadəyə həsr olunmuş fəsildə onun tərcümeyi-halı mühüm tarixi dəyişikliklər fonunda yenidən nəzərdən keçirilir və güclü şəxsiyyəti ön plana çıxarılır: ailə itkilərinə baxmayaraq, Şəfiqə xanım özünü qətiyyətlə jurnalistika və ədəbiyyata həsr edib. Onun Azərbaycan cəmiyyətindəki fəaliyyəti oxucuya 1917–1918-ci illərin qarışıq dövrlərində Azərbaycan qadınlarının siyasi təmsilçilik uğrunda mübarizəsinə nəzər salmaq imkanı yaradır. Bundan əlavə, bu əsər İtaliya ictimaiyyətinə Şəfiqə xanımın gərgin jurnalist fəaliyyəti ilə yadda qalan və Azərbaycan qadınlarının səsvermə hüququ qazandığı tarixi dövrü birbaşa anlamaq fürsəti verir.
Təqdimat mərasimi Françeska Zivolo (Francesca Zivolo) və Eucenio Auçiellonun (Eugenio Auciello) ifasında kitabdan parçaların oxunması ilə davam edib.
Tədbirin növbəti hissəsində Molize bölgəsinin yerli dadlarını Şərq mətbəxinin ləzzətləri ilə birləşdirən xüsusi “Ədəbi Dequstasiya” təşkil olunub. Pietravalle və Əfəndizadə arasındakı “gözlənilməz yaxınlıq” zövqlə bəzədilmiş süfrə ətrafında simvolik olaraq təcəssüm etdirilib və görüş zərif çay mərasimi ilə başa çatıb. Gecəyə ənənəvi Molize geyimində qatılaraq xüsusi rəng qatan “Voci e Tradizioni Molise” assosiasiyasının üzvləri Emiliya Petrollini (Emilia Petrollini) və Mariya Antoniotta Kolellaya (Maria Antonietta Colella) xüsusi təşəkkür ifad olunub.
Beynəlxalq səviyyədə tanınmış bəstəkar və ifaçı, Maestro Piero Riççi (Piero Ricci) italyanların ənənəvi musiqi aləti olan və xromatik diapazonunu genişləndirmək üçün texniki cəhətdən təkmilləşdirərək böyük klassik orkestrlərin ifasına uyğunlaşdırdığı tuluq zurnasında (zampogna) öz əsərlərini səsləndirməklə tədbiri daha da zənginləşdirib.
Qeyd edək ki, tədbir “Banca Mediolanum – Bojano” filialı, “Sartoria Mario Iannetta” və “Dolceamaro-Papa” şirkətlərinin rəsmi sponsorluğu və dəstəyi ilə təşkil edilib.
Sonda vurğulanıb ki, bu təşəbbüs kitab səhifələrinin yaddaş və mədəniyyət işığında İtaliya ilə Azərbaycanı birləşdirən dərin dostluq və əməkdaşlıq bağlarını yeniləməyə, həmçinin gücləndirməyə qadir olan möhtəşəm bir mədəniyyət körpüsünə çevrilə biləcəyini növbəti dəfə sübut etdi.

