Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) əmək hüquqlarının qorunmasına nəzarətin həyata keçirilməsində və layiqli əmək prinsiplərinin təmin olunmasında mühüm rola malikdir.
Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.
ƏMAS işçi ilə işəgötürən arasındakı əmək münasibətlərinin əmək müqaviləsi ilə e-qaydada rəsmiləşdirilməsi və bu münasibətlərin rəqəmsal əsasda idarə edilməsi imkanını yaradan vahid əmək münasibətləri platformasıdır.
Altsistemdə əmək müqaviləsinin qüvvədə olduğu müddət, müqaviləyə dəyişikliklər, işçiyə ödənilən əməkhaqqı, əmək məzuniyyətinin verilməsi, ezamiyyətə göndərilmə və.s barədə məlumatlar əks olunur ki, bu məlumatlar əsasında əmək hüquqlarının qorunmasına müvafiq nəzarət həyata keçirilir.
Bunlarla yanaşı işçi və işəgötürənlər üçün rəqəmsal xidmətlərə əlçatanlığın artırılması, əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin daha çevik və səmərəli təşkili məqsədilə ƏMAS-ın təkmilləşdirilməsi istiqamətində də davamlı işlər görülür.
Altsistemdə əmək müqavilələrinin müddətinin başa çatması və əmək qanunvericiliyinin pozulması riskləri ilə bağlı əvvəlcədən bildirişlərin göndərilməsini nəzərdə tutan proaktiv xidmət modelinin inkişaf etdirilməsi, işəgötürənlər üçün özünüyoxlama (“self-check”) alətlərinin və rəqəmsal audit mexanizmlərinin tətbiqi imkanları da nəzərdən keçirilir.

