Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib.
Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.
İlkin məlumata əsasən, şagirdlər oxuduqları məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləniblər.
Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, oktyabrın 1-də Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib:
"Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır".
TƏBİB-dən verilən açıqlamada zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələrinin müvafiq şöbədə davam etdirildiyi, vəziyyətlərinin stabil olduğu bildirilib.

