Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb - FOTO 

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb - FOTO  backend

Böyük Britaniyanın “Improvement and Efficiency Social Enterprise” (IESE) platformasında “Azərbaycanın Mərkəzləşdirilmiş elektron informasiya sistemi sosial təminat üzrə işlərin idarə edilməsində inqilabi dəyişikliklər yaradır” adlı məqalə yayımlanıb.

Qaziler.az xəbər verir ki, məqalədə Azərbaycanın sosial müdafiə sistemində reallaşdırılan genişmiqyaslı rəqəmsal transformasiya barədə məlumat verilir (https://iese.org.uk/azerbaijans-ceis-revolutionises-social-welfare-case-management/). 

Məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin vahid məlumat mühiti formalaşdırmaqla sosial müdafiə xidmətlərinin idarə edilməsində, məlumatların inteqrasiyasında və vətəndaşyönümlü xidmətlərin inkişafında yaratdığı imkanlar diqqətə çatdırılır.

Eyni zamanda, “Digital Bridge” platforması vasitəsilə dövlət və özəl qurumlar arasında məlumat mübadiləsinin və real vaxt rejimində çarpaz yoxlanılmasının təmin edilməsi, süni intellekt əsaslı analitik imkanlardan istifadə, məlumat uyğunsuzluqlarının aşkarlanması, eləcə də sosial ödənişlərin proaktiv təyinatı Azərbaycanın rəqəmsal sosial müdafiə modelinin əsas komponentləri kimi təqdim olunur.

Məqalədə bildirilir ki, inteqrasiya olunmuş rəqəmsal ekosistem nəticəsində müraciətlərin emal müddəti əhəmiyyətli dərəcədə azalıb, məlumatların keyfiyyəti və xidmətlərin səmərəliliyi yüksəlib, sosial müdafiə xidmətlərinin daha çevik və vətəndaşyönümlü göstərilməsi üçün imkanlar genişlənib.

Qeyd edək ki, IESE platforması ictimai xidmətlərin təkmilləşdirilməsinin və bu sahədə innovativ həllərin təşviqi istiqamətində fəaliyyət göstərir.