Bu gün Azərbaycanda Prokurorluq işçilərinin peşə bayramıdır

Bu gün Azərbaycanda Prokurorluq işçilərinin peşə bayramıdır backend

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür.

Qaziler.az xatırladır ki, 108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib. Bu yol dövlət quruculuğunun mürəkkəb və mühüm mərhələləri, müstəqilliyin bərpası, hüquqi islahatlar və ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnir.

Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il oktyabrın 1-də prokurorluq orqanları yaradılıb.

Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycanda sovet prokurorluğunun əsası qoyulub.

Dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının fəaliyyətində də yeni mərhələ başlayıb.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi müəyyən edib. Bu statusa uyğun olaraq, 1999-cu il 7 dekabr tarixli “Prokurorluq haqqında” Qanunla prokurorluğun fəaliyyət istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində onların əməyinə verilən dövlət qiyməti də diqqət çəkir.

Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncama əsasən, 1 nəfərə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 2 nəfərə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 1 nəfərə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Dövlətimizin başçısının digər Sərəncamı ilə 4 nəfər “Tərəqqi” medalı, 18 nəfər “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Prokurorluq orqanları üçün 108 il əvvəl əsası qoyulan yol dəyişən zamanla, yenilənən tələblərlə və qarşıda duran yeni vəzifələrlə bu gün də davam edir. Zaman dəyişdikcə prokurorluğun qarşısında dayanan vəzifələr də yenilənir. Dəyişməyən əsas məqam isə dövlətçilik, qanunçuluq və insan hüquqlarının qorunmasına xidmət etməkdir.

Bu gün Azərbaycan Prokurorluğunun əməkdaşları peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. Qarşıda isə yeni çağırışlar dayanır. Bunlar qanunun aliliyinin təmin edilməsinin və cinayətkarlığa qarşı mübarizənin davam etdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, fəaliyyətin müasir standartlara uyğun daha da təkmilləşdirilməsi və digər bu kimi məsələlərdir.