"İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, itkin düşmüş şəxslərin taleyi və Birinci Qarabağ müharibəsi zamanı törədilən cinayətlərlə bağlı toplanan sübutların həm tarixi, həm də prosessual əhəmiyyəti var".
Qaziler.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Trend-ə və REAL TV-yə birgə müsahibəsində deyib.
"Bu işlərin həm tarixi, həm də prosessual əhəmiyyəti böyükdür. Təəssüf ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı ümumilikdə 4 010 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, altı nəfəri isə İkinci Qarabağ müharibəsi dövründə itkin düşüb”, – deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, itkin düşmüş şəxslərlə bağlı dövlət tərəfindən iş aparılır. Bu sahədə İtkin düşmüş şəxslərin işləri üzrə Dövlət Komissiyası ilə prokurorluq orqanları birgə əməkdaşlıq edirlər.
"Bu günədək, səhv etmirəmsə, 900-dən artıq itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Prokurorluq orqanları itkin düşmüş şəxslərin bütün yaxın qohumlarından DNT nümunələri götürüb. Yeni qalıqlar müəyyən edildikcə onların aidiyyəti laboratoriyalarda eyniləşdirilməsi aparılır”, – deyə Baş prokuror qeyd edib.

