Ağdam, Füzuli və Xocavənd rayonlarında əhalinin sayının ilin sonunadək 25 min nəfərə çatdırılması gözlənilir.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağdam şəhərində nəzərdə tutulan 5 yaşayış məhəlləsindən biri artıq istifadəyə verilib və əhali həmin əraziyə köçürülüb.
"İlin sonunadək Ağdam şəhərində 4-cü və 5-ci yaşayış məhəllələrinin tikintisinin başa çatdırılması planlaşdırılır. 1-ci və 3-cü məhəllələrin tikintisinə isə ilin sonunadək başlanılması nəzərdə tutulur. Bu layihələrin icrası növbəti ilə keçəcək", - deyə Emin Hüseynov bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, Ağdam rayonunda şəhər ətrafında 3 kənd artıq tikilərək istifadəyə verilib. Onun sözlərinə görə, ilin sonunadək Baş Qərvənd və Evoğlu kəndlərində tikinti işlərinin başa çatdırılması gözlənilir.
Emin Hüseynovun sözlərinə görə, hazırda Ağdam rayonunda təxminən 8 min nəfər yaşayır və ilin sonunadək bu göstəricinin daha 10 min nəfər artacağı gözlənilir.
Füzuli rayonunda da məskunlaşma və bərpa işləri davam etdirilir. Xüsusi nümayəndə bildirib ki, 2023-cü ildən etibarən Füzuli şəhərinə 3 min nəfər köçürülüb.
"Hazırda Füzuli rayonunun Dövlətli və Pirəhmədli kəndlərində bərpa işləri aktiv şəkildə davam etdirilir və bu işlərin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. İlin sonuna qədər rayonda əhalinin sayının daha 1 500-1 600 nəfər artacağı proqnozlaşdırılır", - deyə o əlavə edib.
Xocavənd rayonunda da məskunlaşma prosesi mərhələli şəkildə davam edir. Emin Hüseynovun sözlərinə görə, hazırda rayonun 8 yaşayış məntəqəsində 4 500 nəfər məskunlaşıb.
"Xocavənddə məskunlaşma və bərpa prosesi gələn il də davam etdiriləcək. Gələcəkdə rayonda yaşayan əhalinin sayının 7 min nəfərə çatdırılması nəzərdə tutulur", - deyə xüsusi nümayəndə bildirib.
O qeyd edib ki, hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 15 600-dən çox insan yaşayır. İlin sonunadək bu rəqəmin 25 min nəfərə çatdırılması gözlənilir.
Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"İşğaldan azad edilmiş ərazilər yaşıl zona elan edilib. Azərbaycanın su ehtiyatlarının təxminən 30 faizi bu ərazilərdə formalaşır. Buna görə də burada su elektrik stansiyalarından və digər alternativ enerji mənbələrindən geniş istifadə olunur", - deyə o bildirib.
Xüsusi nümayəndənin sözlərinə görə, Ağdam, Füzuli və Xocavənddə "Ağıllı şəhər" və "Ağıllı kənd" prinsiplərinin tətbiqi də diqqətdə saxlanılır.
"Yaşayış evlərinin damlarında günəş panellərinin quraşdırılması, küçələrin işıqlandırılmasında günəş enerjisindən istifadə elektrik enerjisinə qənaət etməyə imkan verir. Bu yanaşma həm iqtisadi baxımdan, həm də davamlı inkişaf baxımından dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edir", - deyə Emin Hüseynov əlavə edib.
O, növbəti ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərə ayrılacaq vəsaitlə bağlı məsələnin hazırda müzakirə mərhələsində olduğunu bildirib.
"Əsas məqsəd 'Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı' çərçivəsində cari il üçün müəyyən edilmiş hədəfləri tam və yüksək səviyyədə icra etməkdir", - deyə xüsusi nümayəndə vurğulayıb.

