Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.
Qaziler.az Baku TV-yə istinadən xəbər verir ki, səsin ətrafdakı yaşayış evlərinə yayıldığı və insanların istirahətinə mane olduğu bildirilib. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir.
Çəkiliş zamanı məkanda olan meyxanaçı Namiq Məna məsələ ilə bağlı açıqlama verib. O, saat 23:00-dan sonra musiqinin səsinin azaldıldığını desə də, məkandakı yüksək səs ətrafda aydın eşidilib.
O, ətrafdakı yaşayış evlərinə səsin yayılması ilə bağlı iradları da nəzərə alacaqlarını bildirib:
“İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.

