Həcc ziyarətinin qiyməti ölkələrə və seçilən xidmət paketinə görə dəyişir.
Qaziler.az xəbər verir ki, “modern.az” Azərbaycan, Türkiyə, Rusiya və İranda bir nəfər üçün açıqlanan məbləğləri müqayisə edib.
Azərbaycanda bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti ilkin olaraq ötən il olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, məbləğin müəyyən qədər artması istisna edilmir. Qafqaz Müsəlmanları İdarəsinin 2026-cı il Həcc mövsümü üçün açıqladığı qiymət də 6100 dollar olub.
Türkiyədə Diyanət İşləri Başqanlığının 2026-cı il üçün dərc etdiyi rəsmi qiymətlərə əsasən, dörd nəfərlik otaqda bir zəvvarın ziyarəti 26 min Səudiyyə riyalı, təxminən 6933 dollar təşkil edir. Üç nəfərlik otaqda məbləğ 27 750 riyal, yaxud 7400 dollar, iki nəfərlik otaqda isə 29 750 riyal, təxminən 7933 dollardır. Dollar qarşılığı hesablanarkən bir dolların 3,75 riyala bərabər olduğu məzənnə əsas götürülüb.
Rusiyada vahid Həcc paketi qiyməti yoxdur. Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rüşan Abbyasovun açıqlamasına görə, 2026-cı ildə ziyarətin orta qiyməti 450 min rubl olub. Bu, Rusiya Mərkəzi Bankının 23 sentyabr 2026-cı il üçün açıqladığı məzənnə ilə təxminən 5353 dollara bərabərdir. Bildirilən standart paket qiymətləri isə 350–400 min rubldan, həmin məzənnə ilə təxminən 4163-4758 dollardan başlayır.
İranda Həcc və Ziyarət Təşkilatının Tehran bölməsinin məlumatına əsasən, adi ziyarət qruplarında bir nəfərlik qiymət 329-384 milyon tümən arasında dəyişir. Bu məbləğ, İran valyuta bazarında 22 sentyabr 2026-cı ildə qeydə alınmış məzənnə ilə hesablandıqda, təxminən 1411-1647 dollar edir. Xüsusi yerləşmə təklif edilən qruplarda açıqlanan 384-406 milyon tümən isə eyni hesabla təxminən 1647-1741 dollardır.
İran üzrə dollar rəqəmləri rəsmi paket qiyməti deyil, tümənlə açıqlanan məbləğin sonrakı tarixə aid bazar məzənnəsi ilə hesablanmış qarşılığıdır. Rusiya qiymətinin dollar qarşılığı da eyni qaydada sonrakı məzənnə ilə hesablanıb. Buna görə bu rəqəmlər zəvvarların ziyarət vaxtı faktiki ödədiyi dollar məbləği kimi qəbul edilməməlidir.

