"Layf" Xeyriyyə İctimai Birliyi talassemiya xəstələri və bu xəstəliyin daşıyıcıları üçün xeyriyyə aksiyası keçirib. APA TV-nin xəbərinə görə, 140 nəfər talassemiyadan əziyyət çəkən uşaqlar üçün pulsuz cizgi filmi nümayiş etdirilib.
"Layf" Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Emil Vəliyev bildirib ki, təşkilat mütəmadi olaraq bu cür aksiyalar həyata keçirir. Məqsəd talassemiyalı uşaqların cəmiyyətə inteqrasiyasına yardım etməkdir: "Layf" Xeyriyyə İctimai Birliyi mütəmadi olaraq həm qan donorluğunun inkişafı məqsədilə, eyni zamanda talassemiya və talassemiya daşıyıcıları və xəstələri, eyni zamanda onların yaxınları üçün mütəmadi olaraq bu cür tədbirlər həyata keçirir. Hal-hazırda cizgi filmi nümayiş olunur. Bu cür tədbirləri biz həyata keçirməkdə ən böyük məqsədimiz cəmiyyətdə talassemiya daşıyıcıları və talassemiya xəstələrinin digər uşaqlarla heç bir fərqi olmadığını göstərməkdir. Onların sosial həyatda daha aktiv olması üçün bu cür layihələr həyata keçiririk".
Emil Vəliyev bildirib ki, təşkilat mütəmadi olaraq hər ay 100-dən çox ailəyə qan donorlarının tapılmasında yardım edir: "Qan bazasını da, qan donorlarımızı da korporativ şirkətlər təmin edirlər. Könüllü qan donorları təmin edirlər. Orda əldə etdiyimiz donorlu anketlər vasitəsilə qəhrəman donorları cəlb edirik qan verməyə. Bu gün layihəmizin birinci hissəsini həyata keçirdirik. Layihəmizin ikinci hissəsi isə "Qaraçay Holding"lə birlikdə yanvarın 9-da yenə burda və yenə 259 uşaq üçün olacaq. Yalnız uşaq evlərinə ayrılıb biletlər. Bundan başqa, hər ayın son günü bir ay ərzində qan vermiş bütün könüllü qan donorlarına ödənişsiz film bileti veriləcək. Bundan sonra qan donorlarının inkişafında da böyük bir dəstək olacağını düşünürük".
Valideynlər isə bildirib ki, bu cür tədbirlərin keçirilməsi talassemiyadan əziyyət çəkən uşaqların nəinki fiziki, həm də psixoloji inkişafı üçün də mühüm əhəmiyyətə malikdir.
Gülnarə Aslanova: "Uşağım talassemiya xəstəsidir. Gətirmişəm "Layf"ın tədbirinə. Hər zaman belə bir tədbir keçirilir. Keçən il də keçirilmişdi. Onda da gözəl tədbir təşkil etmişdilər. Artıq əvvəldən məlumat verilmişdi ki, uşaqları gətirin. Uşaqlar üçün yenilik olsun, evdə uşaqları qapanmadan ən azından xilas edir. Bizə lazımdır belə bir şey. Uşaqlar o qədər ki, xəstəxana, ev mühitində yaşayırlar, onlara hansısa bir tədbirin olması çox gözəldir. Gəlir burda yoldaşların görür. Başda Emil müəllim olmaqla bütün təşkilatın üzvlərinə təşəkkürmü bildirirəm. Gəlib burda əyləşiblər. Çox böyük həvəslə məni də çəkə-çək gətirib ki, getməliyik orada iştirak etməliyik".
İlqar Osmanov: "Oğlum talassemiya xəstəsidir. Artıq bir neçə ildir hər il mütəmadi olaraq qan köçürülür. Əvvəllər qan tapılmasında çətinliklər var idi. Amma son illərdə təşəkkür edirəm ki, "Layf" İctimai Birliyi donor tapılmasında çox yaxından köməklik edir. Nəinki qan donorunun tapılmasında, bu cür bu formada tədbirlərin keçirilməsində müxtəlif tədbirlərin keçirilməsində, o cümlədən uşaqların müəyyən istedadlarının ortaya çıxarılmasında öz tərəflərindən köməklik göstərirlər. Təkcə bir ictimai birliyin burada iştirak etməsi azdır, digər ictimai birliklər də qeyri-hökumət təşkilatlarının qoşulması da, onlar tərəfindən köməkliyin olması da əsas şərtdir. Həm də bu cür uşaqların nəinki fiziki inkişafı, həm də psixoloji-mənəvi inkişafı böyük rol oynayır. Uşaqların istedadlarının ortaya çıxarılması üçün görülən tədbirlərin olmasını istərdik ki, bir başqa birliklər də, təşkilatlar da addım atsınlar".