Xocavənd şəhərində 20 Sentyabr – Xocavənd Şəhəri Günü münasibətilə genişmiqyaslı ictimai-mədəni tədbir keçirilir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Bu il ilk dəfə qeyd olunan Xocavənd Şəhəri Gününə həsr olunan tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyinin bərpasını qeyd etmək, xalqımızın Zəfər tarixini yaşatmaq, Xocavənd sakinlərini bir araya gətirmək və şəhərin mədəni həyatına töhfə verməkdir.
Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün müxtəlif əyləncəli və yaradıcı proqramlar təşkil olunur. Uşaqlar üçün sərgi, yaradıcılıq və maarifləndirici vorkşoplar, face art, interaktiv oyunlar və digər əyləncələr keçirilir.
Həmçinin gün ərzində balaca tamaşaçılar üçün “Şəngülüm-Şüngülüm” tamaşası nümayiş olunacaq.
Proqram çərçivəsində Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert də keçiriləcək. Konsertdə tanınmış incəsənət nümayəndələrinin çıxışları və müxtəlif musiqi-bədii nömrələr təqdim olunacaq.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov və mədəniyyət nazirinin müavini Murad Hüseynovun çıxışları nəzərdə tutulur.
Tədbirdə dövlət rəsmiləri, şəhid ailələri, Xocavənd sakinləri, media nümayəndələri və digər qonaqlar iştirak edir.
Günün sonunda Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlığın keçirilməsi gözlənilir.

