"Mənim üçün dua edin” - Antiterror şəhidinin son sözləri

"Mənim üçün dua edin” - Antiterror şəhidinin son sözləri backend

Bəzən insan doğmaları ilə son dəfə danışdığını bilmir. Adi görünən bir telefon zəngi, qısa bir mesaj illər sonra belə ürəkdə yaşayan ən ağır xatirəyə çevrilir.

Qaziler.az bildirir ki, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərində iştirak edən Vəliyulla Əliyevin ailəsi ilə son danışığı da belə olub.

O, sentyabrın 19-da başlayan döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vəliyulla bundan üç il əvvəl – 2020-ci ilin 44 günlük Vətən müharibəsində də döyüşmüş, qələbəyə bir neçə gün qalmış ayağından yaralanmışdı.

Şəhidin bacısı Fatimə Mehdiyeva qardaşının son günlərini və ailəsi ilə vida olduğunu bilmədikləri son söhbətini "Modern.az"a danışıb.

Fatimə Mehdiyeva qardaşı ilə sonuncu dəfə sentyabrın 15-də danışıb. o ailəsinin narahatlığını hiss etsə də, yenə onları sakitləşdirməyə çalışıb.

“Dedi ki, bizə görə narahat olmayın, mən yaxşıyam. Ürəyinizi buz kimi saxlayın. Mənim üçün dua edin”.

Ailə həmin sözlərin sonuncu dəfə eşidildiyini bilmirdi. Onlar Vəliyullanın yenidən zəng edəcəyini, doğma səsinin telefonun o başından bir daha gələcəyini gözləyirdilər. Amma sentyabrın 15-dəki həmin söhbət ailənin onunla son danışığı oldu.

Cavabsız qalan mesajlar

Fatimə Mehdiyeva sentyabrın 19-da və 20-də qardaşına yenidən yazıb. Telefon ekranına baxaraq cavab gözləyib. Lakin mesajlar cavabsız qalıb.

Sonradan məlum olub ki, ailəsinin “mən yaxşıyam” deyərək yolunu gözlədiyi Vəliyulla artıq Vətən uğrunda şəhid olub.

“Son danışığımız olduğunu bilmirdik. Bizə "narahat olmayın" deyirdi. Sonra isə ondan xəbər gözlədik...”

Bəzən cavabsız qalan bir mesaj insanın yaddaşında deyilmiş minlərlə sözdən daha ağır olur. Fatimə üçün həmin günlərdən qalan ən böyük ağrı da qardaşından gəlməyən cavabdır.

Bir dəfə yaralandı, yenə döyüş yolunu seçdi

V. Əliyev 2020-ci ilin 44 günlük Vətən müharibəsində də ön cəbhədə olub. O, Zəfərə sayılı günlər qalmış – noyabrın əvvəlində gedən döyüşlər zamanı ayağından yaralanıb.

Lakin aldığı yara onu hərbi xidmətdən və seçdiyi yoldan döndərə bilməyib. Sağaldıqdan sonra xidmətini davam etdirib və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası uğrunda aparılan antiterror tədbirlərinə qatılıb.

Üç il əvvəl yarımçıq qalan döyüş yolunu bu dəfə şəhidliklə tamamlayıb.

Vəliyullanın uğrunda vuruşduğu torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Onun ömrü yarımçıq qalsa da, mübarizəsi yarımçıq qalmadı.