Bir səsin sehrində

Bir səsin sehrində backend

Gün əyiləndə radio dalğalarından indi də sizi Şəmsiyyə Kərimovanın oçerkini dinləməyə dəvət edirik sözünü eşidərdik. Evimizdəki mavi rəngli pəncərənin kənarına qoyduğumuz ağappaq radioda xanım jurnalist həzin, məlahətli səslə asta-asta danışardı. Oçerk bitənə kimi yerimdən tərpənməyib onu axıra kimi dinləyərdim.

Qəlbimə özümə də məlum olmayan qəribə hislər dolardı. ”Kaş məndə onun kimi oçerklər hazırlaya biləydim”- deyərdim. Xanım jurnalistin oçerkləri istər ilikləri donduran qarlı qışda, yarpaqları xəzan vurmuş çiskinli-yağışlı payızda, yayın qızmar çağında, gül qoxulu yazda da mənə hər dəfə bir başqa cür təsir edərdi. Bu səs də həzinlik, rahatlıq tapardım. Ağlıma da gəlməzdi ki, gənclik illərimin ən xoş günləri bir göz qırpımında ötüb keçəcək. Doğulduğum yurd işğal olunacaq. Evimin qapısını küləklər döyəcləyəcək, bomboz bozaran pəncərəmin qarşısına qoyduğumuz radiomuz qırılıb, dağılacaq divarlara hopan bir səs qalacaq. Qəriblikdə qalan səs. Tale məni Bakıya gətirdi. Az TV-nin Səadət proqramına dəvət edilmişdim. Bu vaxt mavi rəngli paltar geymiş bir xanım da gəlib yanımda əyləşdi. Verlişin aparıcısı onu təqdim edəndə, yerimdəcə donub qaldım. Ay Allah, səsinin sehrinə düşdüyüm bu xanımla tale məni gör harada rastlaşdırdı.

-Heç bilirsən sizin hazırladığınız oçerkləri necə sevə-sevə dinləyərdim. O xəfifcə gülümsəyərək “hə o vaxtlar radioda oçerklərim tez-tez səslənərdi”- dedi.

Elə bil dünyanı mənə vermişdilər. O gündən Şəmsiyyə xanımı harada görürdümsə o əl çatmaz illərə qayıdırdım.

Bir gün Şəmsiyyə xanımın baş redaktoru olduğu “Yeni Təffəkür” qəzetinin redaksiyasına getmişdim. Şəmsiyyə xanım qayğılı görünürdü. Sən demə, bacısı ağır xəstə imiş. Birdən o, “yaman ürəyimə tut düşüb” - dedi.
Səhərisi gün qonşumun həyətindəki tutu çırpıb ona apardım. Şəmsiyyə xanım o gün işə gəlmədi. Xəstəxanda son günlərini yaşayan bacısının yanında qaldı. O, heç vaxt ona tərəf uzanan əlləri geri çevirməzdi. Darda olanların dadına çatardı. Şəmsiyyə xanım qələmə sarılaraq Qarabağ dərdindən yazır. Sevinc bir anlıqdır, kədər isə insanı möhkəmlədir, bərkidir, onu əyilməz edir. Şəmsiyyə xanım bax belədir. Dərdli olmağında öz aləmi var dərdsizlik özü də dərddi.
Şəmsiyyə xanım, əzizim yubileyin mübarək! Əgər səni kövrəltimsə, bağışla. Kaş o səsin evimizədən bir də gələ.