Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Qaziler.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Sentyabrın 17-də paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nəriman Nərimanov küçələri, Yeni Yasamal-2 yaşayış kompleksinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Abşeron RETSİ ərazisində yerləşən Mehdi Hüseynzadə, Nizami və Səməd Vurğun küçələri, həmçinin Bakı-Sumqayıt yolunun bir hissəsində 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan 11:00-dək enerjinim verilişi müvəqqəti dayandırılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Orta Ləki" və "Kükəl" hava xətlərində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu, Yuxarı Qəsil kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Göyçay EŞ-yə daxil olan 10 kV-luq 2-ci kənd hava xəttində təmir işləri icra olunacaq. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək Qızılağac, Mollahacılı və Şəkili kəndlərini əhatə edəcək.
Bərdədə 10 kV-luq 4 saylı kənd hava xəttində görüləcək təmir işləri zamanı rayonun Çələbilər, İbişli, Məşədi, Mollalı və Nifçi kəndlərinin bir sıra yerlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Daha əvvəl xəbər verdiyimiz kimi, Cəlilabad və Biləsuvarın da bəzi kəndlərində işıq sönəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

