Ermənistanın etdiklərini unutmaq olmaz

Ermənistanın etdiklərini unutmaq olmaz backend

Hələ Ermənistan və havadarları Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Hələ erməni cinayətkarları azadlıqda gəzirdi, gözəl Qarabağda eyş-işrətlə məşğul idi...

 

Bu azmış kimi yeni ərazilərimizi işğal edəcəkləri ilə bizə - Azərbaycana hədə-qorxu gəlirdilər. Yüzminlərlə köçkünlərimiz isə yurd həsrəti ilə qovrulurdu...

 

Yaxşı yadımdadır, illər əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyandan Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarova “Pislikləri unudaq” bəyanat imzalamaq təklifi etmişdi.

 

“Yeni müsavat” qəzetindən dəyərli həmkarımız Elşad Paşasoy mənə zəng edib bu məsələ ilə bağlı bi Qarabağ qazısı kimi məndən açıqlama aldı. Onda da dedim:

Biz Ermənistana, erməniləri nə pislik etmişik axı?! Nə ediblərsə onlar edib. Torpaqlarımızı işğal ediblər, 24 min insanımız şəhid olub (Birinci Qarabağ müharibəsi zamanı 20 min insanımız şəhid olub. 4 mini itkin düşmüş sayılırdı, amma bir nəfəri də sağ tapılmadı.), 800 min məcburi köçkünümüzün evi dağıdılıb, yandırılıb, özləri isə çöllərə salınıb. Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Ağdaban, Başlıbel və digər faciələr yaşadıblar xalqımıza. Xalqımızı qan gölündə boğublar. Milli mədəni abidələrimizi dağıdıblar. Necə unudaq bunları? Heç işğal etdikləri torpaqalrımızdan da çıxmaq istəmirdilər o vaxtlar.

Bax beləcə Ermənistan və havadarları torpaqlarımız işğal edib, insanlarımızı qətlə yetirib, yurdumuzu xaraba qoyub sonra da deyirdilər ki, gəlin barışağın. Utanmaz-utanmaz da bütün dünyaya car çəkirdilər ki, biz sülh və barış istəyirək? Əcəb sülh istəyi idi...Belə barışıq, belə sülh olarmı?!

 

Otuz il yalanla-palanla dünyanı aldatdılar. Amma bu bir yerə qədər olmalı idi. Elə də oldu.

 

Müzəffər Ali Baş komandanımızın rəhbərliyi ilə Azərbaycanın qəhrəman ordusu 2020-ciildə 44 günə, 2023-cü ildəki antiterror əməliyyatı ilə işğal altındakı bütün torpaqlarımızı tam azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ermənistan kapitulyasiyaya imza atdı. Neçə ildir sülh sazişinə imza atılması üçün proses gedir. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə sülh sazişi üçün çərçivə sənədi imzalandı. Amma Ermənistan yenə də bu prosesi pozur və uzadır. Sözdə, dildə, sülh deyir, əməl də isə əksinə edir. Azərbaycan isə, həmişə olduğu kimi, öz sözünə sadiqdir.

 

Bunları yazmaqla deməyim odur ki, Ermənistanın və havadarlarının millətimizin başın gətirdiyi soyqırımları, faciələri heç vaxt unutmaq olmaz! Qəti olmaz! Dövlət öz işini görür, siyasətini aparır. Bizə düşən isə dövlətin addımlarına uyğun davranmaq. Ermənistanın etdiyi pislikləri unutmamaq. Onların qanlı əməllərini unutmamalıyıq! Bəziləri bunu unudaraq müxtəlif sahələr də ermənilərlə qucaqlaşıb öpüşür. Sanki illərin həsrətliləriymişlər?((( Bu yolverilməzdir. Axı biz bu qədər faciəni necə unuda bilərik axı? Bütün bunları seyr edəndə adamın ürəyi ağrıyır. Biz demirik erməni ilə təmas olmasın, olsun. Amma dövlət siyasətimizə uyğun. Ta bu şəkildə yox dəəəə...Bəzi insanlarımız həddi, sərhədi gözləməlidir.

 

Yəni biz sülh istəyirik. Ermənistanla aramızda sülh olması lazımdır. Amma qardaşlaşmaq, kirvələşmıək yox də. Sülh şəraitində, müharibəsiz yaşayaq. Onlar öz işlərində, biz də öz işlərimizdə. 

 

Yenə deyirəm, dövlətimiz sülh sazişi naminə lazım olan bütün addımları atır və atacaq. Bu ermənini harada gördün bağrına basıb qucaqlamaq, öpmək demək deyil. Bunlar tamam ayrı-ayrı şeylərdi. Bu erməninin işinə yarayacaq ancaq. 

 

P.S. İllər əvvəl müharibə çağırış edən döyüşçülər olaraq tez-tez yazırdıq – Biz müharibə manyakları deyilik. Amma işğal altındakı torpaqlarımızın azad edilməsi üçün başqa yolumuz da yoxdur. Ermənistan və havadarları bizə müharibədən başqa yol qoymurlar.