Bakı aeroportunda sərnişinlər üçün yeni əyləncə və istirahət zonası açılıb.
Qaziler.az xəbər verir ki, bu barədəHeydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, terminal 1-in gediş zonasında yaradılan yeni əyləncə və istirahət məkanı kino, qolf, oyun və digər təcrübələri bir araya gətirərək sərnişinlərə uçuşadək vaxtlarını daha maraqlı və rahat keçirmək imkanı təqdim edir.
Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərin terminalda keçirdiyi vaxtı daha rahat və yaddaqalan etmək məqsədilə “Tilsimli meşə” adlı yeni əyləncə və istirahət zonası istifadəyə verilib.
Terminal 1-in gediş zonasında yerləşən məkan 10 sentyabr–5 dekabr 2026-cı il tarixlərində sərnişinlər üçün açıq olacaq.
“Tilsimli meşə”də CineMastercard kino zonası, Dreamland Golf Club ilə əməkdaşlıq çərçivəsində yaradılan qolf zonası, müxtəlif oyunlar, fotozonalar və istirahət sahələri bir araya gətirilib. Konsepsiyanın vizual və interaktiv elementləri isə sərnişinlərə ənənəvi gözləmə məkanından fərqli mühit təqdim edir.
Qeyd olunub ki, layihə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin təcrübəsinin inkişafına yönəlmiş yanaşmanın bir hissəsidir. Məqsəd yalnız aeroport proseslərinin rahatlığını deyil, terminalda keçirilən vaxtın keyfiyyətini də artırmaq, sərnişinlərə uçuşdan əvvəl istirahət və əyləncə üçün əlavə seçimlər təqdim etməkdir.
“Tilsimli meşə” sərnişinin aeroportda keçirdiyi vaxtı səyahətin daha rahat, maraqlı və yaddaqalan hissəsinə çevirməyə xidmət edir.

