Abşeron rayonunda "Bilik Günü" münasibəti ilə 2024-2025-ci tədris ili üzrə ali məktəbə daxil olan və birinci sinifə gedəcək şəhid övladları, o cümlədən 650-dən yüksək bal toplayan abituryentlərlə görüş keçirilib.
"Report" xəbər verir ki, Xırdalan şəhərində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev, Zaur Şükürov, Ramid Namazov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid ailələri və valideynlər iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bu il ali məktəblərə keçirilən imtahanlarda uğur qazanan abituryentləri və məktəblərə ilk qədəmlərini qoyan şəhid övladlarını təbrik edib, onlara təhsil həyatlarında müvəffəqiyətlər arzulayıb. RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzuqgörənliyi, siyasi iradəsi, "Dəmir yumruq" ətrafında sıx birləşən xalqımızın və ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən işğalından azad olunduqdan sonra bütöv və müstəqil Azərbaycanda təhsilin tədrisi həyata keçirilməyə başlayıb.
Ölkədə təhsil sahəsində uğurlu islahatların həyata keçirildiyini, ölkəmizin hər yerində təhsilin keyfiyyətinə böyük önəm verildiyini və inkişafının dövlətimizin prioritet məsələlərindən biri olduğunu qeyd edən Abdin Fərzəliyev bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sektorunda çoxsaylı layihələr icra olunub, yeni-yeni məktəblər, korpuslar tikilib, mövcud təhsil ocaqları isə əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilib.
Sonra Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, təhsil alanlar üçün digər sahələrdə olduğu kimi, böyük imkanlar və fürsətlər yaradıb. Qeyd edilib ki, yaradılan yüksək şərait şagird və tələbələrin hərtərəfli biliyə malik kadrlar kimi hazırlanmasına imkan verir.
Milli Məclisin deputatı Rizvan Nəbiyev də təhsilin inkişaf etdirilməsi istiqamətində olduqca mühüm addımların atıldığını və gənclərimizin yüksək təhsil almaları, elmə yiyələnmələri üçün bütün lazımi şəraitin formalaşdırıldığını bildirib.
Tədbirin davamında Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ölkədə həyata keçirilən təhsil islahatlarından danışaraq qeyd edib ki, bu islahatlar artıq müsbət nəticələr verməkdədir. Abşeron rayonunda təhsil sahəsində əldə olunan uğurların ildən ilə artdığını vurğulayan İ.Abdullayeva müsbət tendensiyanın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Sonra Abşeron RİH-də böyük mütəxəssis kimi çalışmış Vətən müharibəsi şəhidi Ramil Ağayevin həyat yoldaşı Lamiyə Ağayeva, eləcə də bu il qəbul imtahahanlarında 694 bal toplayaraq Abşeron rayonu üzrə ən yüksək nəticəni göstərən Xırdalan şəhər 9 saylı tam orta məktəbin məzunu Nihad Abduzadə çıxış edərək ölkəmizin və rayonumuzun təhsil sahəsində əldə olunan uğurlardan danışıb, bu uğurların arxasında duran müəllim əməyinə, valideyn dəstəyinə və dövlət tərəfindən şəhid ailələri ilə gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.
Yekunda Abşeron rayonu ərazisində yaşayan birinci sinifə gedəcək və ali məktəblərə qəbul alan şəhid övladlarına, yüksək bal toplayan tələbələrə və doğum günü olan şəhid ailələrinə xüsusi hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilərək tədbir yekunlaşdırılıb.

