Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə icra etdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” layihəsi çərçivəsində növbəti 2 təlim Ağdam rayonunda keçirilib.
Qaziler.az xəbər verir ki, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə sözügedən təlimlərdən biri “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində 2025-ci ildə ilk köçün həyata keçirildiyi Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşan sakinlərin iştirakı ilə baş tutub. Növbəti təlim isə yenidən qurulan Ağdam şəhər mərkəzində tikinti-quruculuq işlərində çalışan şirkət əməkdaşları üçün təşkil olunub. Təlimlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondundan layihə rəhbəri Xudaverdi Quliyev, layihə rəhbərinin köməkçisi, minadan zərərçəkən Vidadi Məmmədov, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə peşəkar təlimçi Kamran Məmmədli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun regional inzibati direktoru Ruslan İbrahimbəyli iştirak ediblər. Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Xudaverdi Quliyev layihənin əhəmiyyətindən danışaraq, onun həyata keçirilməsinə dəstək göstərən donor və tərəfdaş qurumlara təşəkkürünü bildirib. O, həmçinin layihənin Ağdam rayonunda icrası zamanı göstərilən təşkilati dəstəyə görə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə minnətdarlığını ifadə edib.
Daha sonra təlimçi Kamran Məmmədli tərəfindən çatdırılan təlim zamanı mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) proqramı çərçivəsində minalar və onların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, mina riski olan ərazilərin əsas xüsusiyyətləri, şübhəli və təhlükəli əşya aşkarlandıqda düzgün davranış qaydaları, təhlükəli ərazilərdən uzaq durma və aidiyyəti qurumların məlumatlandırılması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, maarifləndirmə işlərinə dəstək məqsədilə layihə çərçivəsində hazırlanmış xüsusi formalar iştirakçılar arasında paylanılıb.
Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi işğaldan azad edilmiş Ağdam, Ağdərə və Xocalı rayonlarında, eləcə də Xankəndi şəhərində çalışan, təhsil alan, qayıdış prosesində iştirak edən və ümumilikdə həmin ərazilərdə məskunlaşan əhali arasında mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməni genişləndirməklə insanların həyat və sağlamlığının qorunmasına, mina hadisələrinin sayının azaldılmasına və təhlükəsizlik xarakterli qabaqlayıcı tədbirlərin gücləndirilməsinə dəstək olmaqdır.

