Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Vaqifin məqbərəsini ziyarət ediblər

Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Vaqifin məqbərəsini ziyarət ediblər backend

Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Şuşa şəhərinə səfərləri çərçivəsində Molla Pənah Vaqifin məqbərəsini də ziyarət ediblər.

Trend-in Qarabağ bürosunun verdiyi xəbərə görə, qonaqlara dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi barədə məlumat verilib.

Bildirilib ki, məqbərə işğal dövründə tamamilə dağıdılıb. Şuşa işğaldan azad edildikdən sonra məqbərə dövlət tərəfindən bərpa edilib.

Qonaqlara məqbərənin işğaldan əvvəlki və işğal dövründəki vəziyyətini əks etdirən fotolar da nümayiş etdirilib.

17:57

xxx

Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfərləri çərçivəsində Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini ziyarət edib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, qonaqlara hər iki məscidin tarixi və fəaliyyəti barədə geniş məlumat verilib. Məscidlərin əvvəlki vəziyyətini, eləcə də işğal dövründə məruz qaldığı dağıntıları əks etdirən fotolar nümayəndə heyətinə təqdim olunub.

Qeyd edilib ki, Şuşa şəhərində ümumilikdə 21 məscid fəaliyyət göstərib. İşğal dövründə məscidlərin əksəriyyəti dağıdılıb, bəzi ibadət ocaqlarından isə qeyri-məqsədyönlü istifadə olunub.

Bildirilib ki, torpaqlarımızın işğalı zamanı təkcə insanların deyil, Azərbaycanın milli-mənəvi və dini dəyərlərinin də məhv edilməsi ermənilərin vandalizm siyasətinin tərkib hissəsi olub.

16:58

xxx

Şuşa şəhərində Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində həyata keçirilir.

Səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Şuşada “Güllələnmiş heykəllər”, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərini, Cıdır düzünü, Vaqifin muzey-məqbərə kompleksini və digər tarixi-mədəni məkanları ziyarət edəcəklər.