Kəlbəcərdə ilk əmək yarmarkası keçirilib

Kəlbəcərdə ilk əmək yarmarkası keçirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, aktiv məşğulluq tədbirində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev  və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov da iştirak ediblər.

Yarmarkada işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim edilib.

Tədbirdə iştirak edən şəxslərə iş yerləri üzrə tələblər izah edilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları barədə də məlumatlandırılıb.

Aktiv məşğulluq tədbiri çərçivəsində işəgötürənlərlə görüş də keçirilib. Görüşdə Agentliyin fəaliyyəti, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda icra olunan aktiv məşğulluq proqramları barədə ətraflı məlumat verilib, işəgötürənlərin sualları cavablandırılıb.