BAMF mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə yeni layihənin icrasına başlayıb - FOTO 

BAMF mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə yeni layihənin icrasına başlayıb - FOTO  backend

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” adlı layihənin icrasına başlayıb.

Qaziler.az xəbər verir ki, Ağdam, Ağdərə, Xocalı rayonlarında və Xankəndi şəhərində keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində ilk olaraq mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirməyə dəstək məqsədli xüsusi formalar hazırlanıb. Üzərində “Mina təhlükəsinə qarşı məlumatlı ol - həyatını qoru!” mesajı olan formalar layihə zamanı təlimlərdə iştirak edəcək vətəndaşlar - Böyük Qayıdış prosesi çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən, eləcə də burada müvəqqəti və ya daimi əsaslarla çalışan, təhsil alan və müxtəlif fəaliyyətlərə cəlb olunan şəxslər üçün nəzərdə tutulub.

Ağdərə rayonu, Suqovuşan qəsəbəsində keçirilən açılış təlimində icraçı təşkilat Beynəlxalq Avrasiya Mətbuat Fondundan layihə rəhbəri Xudaverdi Quliyev, layihə rəhbərinin köməkçisi, minadan zərərçəkən Vidadi Məmmədov və mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə peşəkar təlimçi Kamran Məmmədli iştirak ediblər. Açılış təlimində layihə rəhbəri Xudaverdi Quliyev layihənin əhəmiyyətindən və mina probleminin miqyasından danışaraq bu cür həssas məsələdə göstərilən dəstəyə görə donor və tərəfdaş təşkilatlara təşəkkür edib. Ardınca Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin sədri, Qarabağ qazisi, minadan zərərçəkən Rey Qasımov minaların mənfi təsirindən və yaratdığı ağır fəsadlardan danışıb. O, layihə iştirakçılarına göstərdikləri diqqətə görə təşəkkür edib. Daha sonra təlimçi Kamran Məmmədlinin PSTM üzrə təlim proqramı dinlənilib.

Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan və qayıdış prosesində iştirak edən əhali arasında mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirməni genişləndirməklə insanların həyat və sağlamlığını qorumaq, mina hadisələrinin sayının azalmasına və təhlükəsizlik xarakterli qabaqlayıcı tədbirlərin icrasına dəstək olmaqdır.