"Mina təhlükəsi təkcə torpağı deyil, su və ekosistemi də zəhərləyir" - ANAMA sədri

"Mina təhlükəsi təkcə torpağı deyil, su və ekosistemi də zəhərləyir" - ANAMA sədri backend

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirilib.

Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycan minalardan ən çox çirkləndirilmiş ölkələr sırasındadır:

"İqlim dəyişikliyi selə, quraqlığa, meşə yanğınlarına səbəb olur. Lakin insanların yaşamağına mane yaradan təkcə bunlar deyil. Müharibələrdən sonra çirklənən ərazilər də buna aiddir. Minalar təkcə torpaqları deyil, suları da çirkləndirir. Həmçinin minalar işğaldan azad edilmiş ərazilərdə yolların salınması, yaşayış məntəqələri və evlərin tikilməsini gecikdirir".

V.Süleymanov əlavə edib ki, mina təhlükəsinin miqyası yalnız mina və partlayıcı qurğuların sayı ilə ölçülmür:

"Mina təhlükəsi torpağın, suyun, biomüxtəlifliyin və bütövlükdə ekosistemin təhlükəsizliyinə təsir edən problemdir. 44 günlük Vətən müharibəsinin başa çatmasından etibarən ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 300565 hektar ərazi təmizlənib və 261705 ədəd mina və digər partlayıcı sursat zərərsizləşdirilib. Ekoloji qiymətləndirmə layihələrini əks etdirən meşə fondunun bərpası, Dostluq meşəsi, Bəsitçay Dövlət Təbiət Qoruğu kimi milli parklar, dövlət təbiət yasaqlıqları, çay ətrafı ərazilər, su hövzələrinin bərpası, geoloji kəşfiyyat işləri, qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış əraziləri, eləcə də erkən xəbərdarlıq sistemlərinin quraşdırılması üçün 31037 hektar, həmçinin kənd təsərrüfatı üçün 132447 hektar, yaşayış infrastrukturun inkişafı üçün 71202 hektar, energetika infrastrukturu üçün 12443 hektar, meliorasiya və su təsərrüfatı layihələri üçün isə 8447 hektar ərazi partlayıcı sursatlardan təmizlənib".

O, işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə minatəmizləmə prosesi ilə yanaşı, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilərin konservasiya edilərək çəpərləndiyini vurğulayıb.

Report.az