Girnedəki gəmi qəzasında soydaşlarımız qəhrəmanlıq göstəriblər - Orxan Həsənoğlu

Girnedəki gəmi qəzasında soydaşlarımız qəhrəmanlıq göstəriblər - Orxan Həsənoğlu backend

“Şimali Kiprdə gəmi qəzası ilə bağlı hər hansı Azərbaycan vətəndaşı haqqında həbs qətimkan tədbiri seçilməyib”.

Qaziler.az xəbər verir ki, bunu “teleqraf.az”a açıqlamasında Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu deyib.

Onun sözlərinə görə, hazırda hadisənin başvermə səbəbləri ilə bağlı yeni istintaq materialları araşdırılır, gəminin bütün heyət üzvləri polis nəzarətindədir.

O qeyd edib ki, araşdırma vəzifə və səlahiyyətlərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində insan ölümünə səbəb olma ehtimalı ilə bağlıdır:

“İstintaq çərçivəsində soydaşlarımıza hər hansı ittiham irəli sürülməyib. Onlar səlahiyyətli şəxslər olmayıblar, texniki heyət üzvləridir. Soydaşlarımızın bütün hüquqi sənədləri qaydasındadır. Şimali Kiprdə vəkillərlə əməkdaşlıq edirik. Növbəti məhkəmə təxminən 7 gün sonra keçiriləcək. Məhkəmənin qəbul edəcəyi qərarlar araşdırma zamanı əldə olunan məlumatlara əsaslanacaq. Hazırda 150-dən çox izahat alınıb.

Soydaşlarımız gəmini ən sonda tərk ediblər, qəhrəmanlıq göstəriblər. Gəminin kapitanı və köməkçisi isə gəmidən daha əvvəl çıxıblar”,- deyə O.Həsənoğlu bildirib.

Onun sözlərinə görə, qarşıdakı günlərdə batan gəminin qara qutusunun çıxarılması gözlənilir.

"Qara qutunun araşdırılması hadisənin səbəblərinin aydınlaşdırılmasına kömək edə və soydaşlarımızla bağlı daha yüngül qərarın qəbul edilməsinə səbəb ola bilər. Bizim tərəfdən də vəkil proseslə məşğul olur”, - deyə O.Həsənoğlu əlavə edib.

Qeyd edək ki, avqustun 30-da Şimali Kip Türk Cümhuriyyətinin Girne sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 13 nəfər ölüb və 15 sərnişin üçün axtarış-xilasetmə işləri davam edir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, 8 nəfər saxlanılıb.

Gəminin heyətində azərbaycanlılar da var.