Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun fəaliyyəti yalnız rəsmi qəbullar və tədbirlərlə məhdudlaşmır. Rayon rəhbərinin müxtəlif yaş və sosial qruplardan olan insanlarla görüşləri, kəndlərə səfərləri və sakinlərlə birbaşa ünsiyyəti diqqət çəkir. Bəzən bu görüşlər rəsmi kabinetlərdə deyil, çayxanalarda və kənd sakinlərinin arasında keçirilir. Onun vətəndaşlarla nərd oynaması, yaşlılarla söhbət etməsi, uşaqlar, qazilər və şəhid ailələri ilə görüşləri fəaliyyətinin fərqli tərəflərini göstərir.
Qaziler.az “metbuat.az”a istinadla xəbər verir ki, Araz Əhmədov haqqında diqqət çəkən məqamlardan biri onun general-mayor rütbəsi daşımasıdır. O, 1963-cü ildə Naxçıvanın Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu, indiki Bakı Slavyan Universitetini bitirib.
2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin general-mayoru ali hərbi rütbəsinə layiq görülüb. Araz Əhmədov, həmçinin Qarabağ müharibəsi veteranıdır.
O, 2022-ci il iyulun 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rayon rəhbərinin fəaliyyətində sakinlərlə birbaşa ünsiyyət xüsusi yer tutur. O, müxtəlif kəndlərdə keçirilən görüşlər zamanı vətəndaşların problemlərini dinləyir, müraciətləri ilə maraqlanır. Görüşlərdə sosial məsələlərlə yanaşı, kəndlərin gündəlik həyatı, sakinlərin qayğıları və təklifləri də müzakirə olunur.
Araz Əhmədovun görüş dairəsi də kifayət qədər genişdir. O, uşaqlarla görüşlərdən tutmuş yaşlı sakinlərlə söhbətlərə, qazilər və hərbçilərlə görüşlərdən şəhid ailələrinin ziyarətinə qədər müxtəlif tədbirlərdə iştirak edir.
İcra başçısının ötən gün balaca Kərimlə görüşü də diqqət çəkib. Masallının Ninəlov kəndinin azyaşlı sakini rayon rəhbəri ilə görüşmək arzusunda olduğunu bildirib. Bu arzu gerçəkləşib və Araz Əhmədov balaca Kərimlə görüşüb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə bu cür birbaşa ünsiyyəti onun fəaliyyətində diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

