Həkimlərin aylıq əlavə ödənişi pasiyent məmnunluğundan asılı olacaq – MƏBLƏĞLƏR

Həkimlərin aylıq əlavə ödənişi pasiyent məmnunluğundan asılı olacaq –  MƏBLƏĞLƏR backend

TƏBİB tərəfindən tətbiq olunan yeni qaydalara əsasən, pasiyent məmnunluğu göstəricisi həkimlərin aylıq əlavə ödənişinə birbaşa təsir edəcək.

Qaziler.az-ın xəbərinə görə, bu fikirləri TƏBİB-in icraçı direktoru Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xidmətin keyfiyyəti yüksəldikcə həkimin stimullaşdırıcı əlavəsi də artacaq və bu mexanizmin əsas məqsədi pasiyent məmnunluğunu yüksəltmək, həkimləri isə daha keyfiyyətli xidmət göstərməyə həvəsləndirməkdir.

Bildirilib ki, qiymətləndirmə prosesi üç mərhələdən ibarət olacaq və ilk mərhələdə pasiyent göstərilən xidməti 1-dən 5-ə qədər olan şkala üzrə qiymətləndirəcək.

İkinci mərhələdə aylıq orta göstərici müəyyən ediləcək, üçüncü mərhələdə isə 0,80 ilə 1,20 aralığında dəyişən məmnunluq əmsalı tətbiq olunacaq.

Məmnunluq əmsalı 0,80 olduqda və ya 1,20-yə çatdıqda həmin əmsal həkimin aylıq stimullaşdırıcı ödənişinə tətbiq ediləcək.

Təqdim olunan nümunəyə əsasən, Bakı, Sumqayıt, Gəncə və Abşeronda gündə orta hesabla 30 pasiyent qəbul edən və stimullaşdırıcı əlavəsi 2 000 manat olan həkimin ödənişi məmnunluq əmsalı 0,80 olduqda 1 600 manat təşkil edəcək.

Həmin həkimin məmnunluq əmsalı 1,20 olduqda isə aylıq stimullaşdırıcı ödəniş 2 400 manata yüksələcək.

Digər regionlarda gündə orta hesabla 30 pasiyent qəbul edən və stimullaşdırıcı əlavəsi 2 600 manat olan həkim üçün məmnunluq əmsalı 0,80 olduqda ödəniş 2 080 manat, əmsal 1,20 olduqda isə 3 120 manat təşkil edəcək.

Qeyd edək ki, yeni əməkhaqqı qaydaları 1 sentyabr 2026-cı ildən tətbiq olunur.

Genişmiqyaslı islahat Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilir.

Yeni əməkhaqqı qaydaları ölkə üzrə ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək. (trend)