Ambulator həkimlər üçün gündəlik baxış sayına əsaslanan aylıq əlavə ödəniş mexanizmi tətbiq olunur.
Qaziler.az-in xəbərinə görə, bu fikirləri TƏBİB-in icraçı direktoru Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, əsas ssenariyə əsasən, həkimlər gündə orta hesabla 22-36 baxış həyata keçirirlər.
Təqdim olunan cədvələ əsasən, Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhər və rayonlarında, eləcə də digər regionlarda gündəlik baxış sayına görə aylıq əlavə ödənişlərin məbləği fərqlənir.
Belə ki, gündə orta hesabla 22 baxış həyata keçirən həkimlər üçün Bakı, Sumqayıt, Gəncə və Abşeronda aylıq əlavə ödəniş 1 200 manat, digər regionlarda isə 1 800 manat təşkil edir və bu, regionlar üzrə 600 manat əlavə ödəniş üstünlüyü yaradır.
Gündə orta hesabla 30 baxış həyata keçirən həkimlərə Bakı, Sumqayıt, Gəncə və Abşeronda aylıq 1 600 manat əlavə ödəniş veriləcək, digər regionlarda isə bu məbləğ 2 400 manat təşkil edəcək ki, bu da 800 manat regional üstünlük deməkdir.
Gündə orta hesabla 36 baxış həyata keçirən həkimlər üçün Bakı, Sumqayıt, Gəncə və Abşeronda aylıq əlavə ödəniş 1 800 manat olduğu halda, digər regionlarda bu məbləğ 2 700 manata yüksələcək və regional fərq 900 manat təşkil edəcək.
Qeyd edək ki, yeni əməkhaqqı qaydaları 1 sentyabr 2026-cı ildən tətbiq olunur.
Genişmiqyaslı islahat Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilir.
Yeni əməkhaqqı qaydaları ölkə üzrə ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.

