Sentyabrın 1-də 34 illik fasilədən sonra Xocalı rayonunun Seyidbəyli kəndində toy çadırı quruldu.
Uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirib.
Aişə xanım bu gün Xocalıda Sərdar Ramazanovla ailə həyatı qurur.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, illərlə məcburi köçkün kimi Şəkidə yaşayan ailə üçün bu toy sadəcə xoşbəxt bir gün deyil, bu həm də Qarabağın dirçəlişini və həyatın doğma torpaqlara qayıdışını göstərən bir gündür.
Bəy Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün isə döyüşdüyü torpaqlara yaxın bir ərazidə - Xocalının Seyidbəyli kəndində həyatının ən əlamətdar günlərindən birini yaşayır. Böyük sevinc və qürur hissi keçirdiyini deyir.
Seyidbəyli kəndində bu gün yüksək əhval-ruhiyyə var. Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar, gənc ailəyə xeyir-dua verərək, bu xoş günün yaşanmasını gerçəyə çevirən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirərək bu torpaqların azadlığına töhfə verən qazilərimizə minnətdarlıqlarını bildiriblər.

