Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası haqqında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb.
"Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.
Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb. Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək", - deyə əlavə edilib.
16.56
Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması iddiası aidiyyəti üzrə araşdırılır.
Qaziler.az “apa.az”a istinadla xəbər verir ki, məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.
Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.
İddiaya görə, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

