“Azərbaycan jurnalistikası həmişə öz cəsarəti, obyektivliyi ilə qürur duyub. Mən bu gün də Azərbaycan qəzetlərini, televiziya kanallarını izləyirəm. Azərbaycan jurnalistikası güclüdür və bu, çox vacibdir”.
APA-nın məlumatına görə, bunu Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.M. Qusman qeyd edib ki, Azərbaycan kimi inkişaf edən demokratiyaya malik ölkəyə azad və güclü mətbuat lazımdır: “Bu mənada ölkə rəhbərliyi, şəxsən prezident İlham Əliyev mətbuatı dəstəkləyir və bu, çox vacibdir. Bu aspektdə mətbuat demokratik mətbuat ənənələrini davam etdirsin, obyektiv, şəffaf olsun. Təəssüf ki, Azərbaycan, o cümlədən Rusiya və digər ölkələrin mətbuatında sifarişli, şantaj xarakterli materiallara rast gəlinir. Ona görə də çox vacibdir ki, mətbuat azad və demokratik dövlətin imkanlarından istifadə etdiyi kimi demokratik dövlət normalarına da məsuliyyətlə yanaşsın”.
M. Qusman bildirib ki, bu gün müasir dünyada kütləvi informasiya vasitələri (KİV) xüsusi şəraitdə çalışır, ənənəvi mətbuata yönəlik ciddi çağırışlar var: “Bu gün sosial şəbəkələr, “Twitter”, “Facebook” var. Şəxsən mən sosial şəbəkələri KİV hesab etmirəm. Məncə, sosial şəbəkələr kommunikasiya vasitəsidir. Mən KİV-ə hazırda ənənəvi KİV-ləri – qəzet, agentlik, jurnal və televiziyanı aid edirəm. Müasir texnologiyalar insanlar üçün böyük imkanlar yaradıb. Ancaq bir daha təkrar edirəm ki, mənim üçün nə “Twitter”, nə “Facebook” KİV deyil. Lakin bu sosial şəbəkələr, müasir kommunikasiya vasitələri kütləvi informasiya vasitələrinin məsuliyyətini daha da artırır. Bizim qəzet, jurnal, xəbər lentləri, televiziya və radiodakı xəbərlərimiz insanlar üçün daha maraqlıdır. İnsanlar ənənəvi KİV-lərdən informasiya almağa çalışırlar, sosial şəbəkələrdən isə kommunikasiya vasitəsi kimi istifadə edirlər”.