Bu gün növbəti köç karvanı ilə Cəbrayılın Şükürbəyli və Horovlu kəndlərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəyli və Horovluda yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 ailə (86 nəfər), Horovlu kəndinə isə 3 ailə (12 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
11:57
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.
Qaziler.az trend-ə istinadən xəbər verir ki, bu mərhələdə sözügedən kəndlərə ümumilikdə 18 ailə, 98 nəfər köçürülür.
Belə ki, Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə olmaqla 12 nəfər yola salınıb.

