Nazirlikdə Latviya nümayəndə heyəti ilə görüş olub

Nazirlikdə Latviya nümayəndə heyəti ilə görüş olub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Latviya Respublikasının Rifah Nazirliyinin Əmək bazarı siyasəti departamentinin direktoru İmants Lipskisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, səfər iki nazirlik arasında əməkdaşlığa dair Memorandumun icrası ilə bağlı cari ilin martında imzalanmış Tədbirlər Planına uyğun olaraq təcrübə mübadiləsi məqsədi daşıyır.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycan və Latviya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu, əmək və sosial müdafiə sahəsində də əlaqələrin genişləndirilməsi imkanlarını qeyd edib.

 

Əmək bazarlarının, sosial müdafiə sistemlərinin inkişafı sahəsində yaxşı təcrübələrin mübadiləsi, institusional əməkdaşlıq və birgə təşəbbüslərin icrasının ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

 

Son illərdə Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan islahatların uğurları, bu sahədə rəqəmsal həllərin geniş tətbiqi, aktiv məşğulluq proqramlarının icrası işləri barədə məlumat verilib. Əmək bazarının tələblərinə uyğun ixtisaslı işçi qüvvəsinin hazırlanması üçün peşə təlimi sisteminin təkmilləşdirilməsi tədbirləri diqqətə çatdırılıb.

 

Görüşdə hər iki ölkədə əmək bazarlarına, əmək və məşğulluq sahəsində görülən işlərə, yeni layihələrə dair qarşılıqlı təqdimatlar edilib. Məşğulluq xidmətləri sahəsində gələcək əməkdaşlıq, habelə ölkəmizdən işçi qüvvəsinin Latviyanın əmək bazarına cəlb edilməsi imkanları müzakirə olunub.