Kədərin, acının, faciənin 40-cı günü

Kədərin, acının, faciənin 40-cı günü backend

40 gün ötdü...

Bəli 40 gün. Bu 40 gün necə tez ötdü, ilahi! Elə bil dünən olub.

“İyulun 4-də ata iki övladı ilə Xaçın su anbarında faciəvi şəkildə həlak olub”. Bütün ölkəni silkələyən, sarsıdan bir cümləlik xəbərdə nə qədər acı, kədər var. Milyonlar üçün xəbər olsa da ailəsi, yaxınları, dostları üçün əzab, iztirab, dəhşət idi.

Həmin gün Şərif İsgəndərov üç övladı və xanımı ilə doğulduğu, 44 günlük Vətən Müharibəsində işğaldan azad edilən Xaçındərbənd kəndinə gedir. Gedir ki, orta məktəbi uğurla bitirib, növbəti gün ali məktəb üçün imtahan verəcək balaları daha yaxşı nəticə vermələri üçün bir az dincəlsinlər. Amma “Sən saydığını say, gör fələk nə sayır”, deyib atalar.

Övladlarından biri Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçın su anbarının yaxınlığında şəkil çəkdirmək istəyərkən büdrəyib suya yıxılır...

İndi bu cümlələri yazanda, kimsə oxuyanda adama adi gələ bilər “Suya yıxılır” adi bir haldı də. Yıxılıb, sonra da duracaq. Amma yox, bu adi suya yıxılmaq olmadı. Bir ailənin faciəsi oldu...

“Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçın su anbarında batan şəxslərin kimliyi məlum olub. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli həyatını itirib.”

Bu acı xəbər bütün mətbuatı, sosial şəbəkələri bürüdü...

 

**********            **********

        

Bəli, o dəhşətli gündən 40 gün keçir...Necə keçir? Bir Şərifin ailəsi, dostları, bir də yaxınları bilir necə ağır keçdi. Bu elə bir ailə faciəsidir ki, sözlə anlatmaq çox çətindir.

Həlak olan Şərif İsgəndərov Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə 13-cü Tağımının inspektoru, çox nümunəvi polis əməkdaşı idi.

Şərifin atası isə Şəmsəddin İsgəndərov 1990-cı ildən Ağdamda polis alayının tərkibində erməni işğalçılarına qarşı döyüşüb. Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər cəbhə bölgələrində qanlı döyüşlərdən keçib. Onun son döyüşü isə 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin döyüşdə Şəmsəddin İsgəndərov şəhid olub, üç övladı yadigar qalmışdı. O övladlardan biri isə Şərif idi...

40 gün əvvəl Şərif, Fidan və Tunar faciləi şəkildə həlak oldular...

Onların faciəli ölümündən 40 gün keçir...

Amma Anası Bilqeysin, xanımı Humayın göz yaşları qurumur.

Hafizin, Turalın, Pərvinin və digər dostlarının kədəri gözlərindən, üzlərindən görünür.  

 

Allah şəhidimiz Şəmsəddin İsgəndərova, oğlu Şərifə və nəvələri Tunar ilə Fidana rəhmət eləsin!

QAZİLER.AZ