Azərbaycandan Türkiyəyə göndəriləcək rezidentlərin sayı artırılacaq

Azərbaycandan Türkiyəyə göndəriləcək rezidentlərin sayı artırılacaq backend

Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında yeni razılaşmalar əldə edilib. Tibb Universitetindən Trend-ə verilən məlumata görə, bu gün Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində qonaq olub. Səfər çərçivəsində Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Qazi Universitetinin rektoru, professor Süleyman Büyükberberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

S.Büyükberberin sözlərinə görə, hazırda 80 min tələbəsi olan Qazi Universitetinin xəstəxanasında azərbaycanlı assistentlər də işləyir: “Ümumi cərrahiyyədə işləyən azərbaycanlı rezidentlərdən çox razıyıq. Biz Tibb Universitetindən daha çox rezidentin, həkimlərin Türkiyəyə gəlməsini istəyirik”.

Görüşdə qərara alınıb ki, həm Mövlanə Mübadilə Proqramı, həm də universitetlərarası saziş əsasında Qazi Universitetinə göndərilən rezidentlərin, assistentlərin sayı artırılsın.

Bundan əlavə, Azərbaycan Tibb Universiteti və Qazi Universiteti arasında proqramların uyğunlaşdırılması məsələsi ilə bağlı ilkin müzakirələr aparılıb. Bunun sayəsində gələcəkdə bu iki təhsil ocağının tələbələrinin hər iki universitetdə təhsil alması, hər iki yerdən diplom alması mümkün olacaq.
Diaspora