Lənkəranda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Qaziler.az xəbər verir ki, hadisə rayonun qəsəbələrindən birində baş verib. 1987-ci il təvəllüdlü Taleh həyat yoldaşı Sevda (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisəyə səbəb Talehin birgə yaşadıqları evin yataq otağında uca səslə musiqiyə qulaq asması olub. Belə ki, gecəyarısı o, istifadə etdiyi mobil telefonda musiqini yüksək səslə dinləyib. Bu isə qadının etirazına səbəb olub.
Bunun üstündə ər-arvad arasında baş vermiş mübahisə zamanı Taleh arvadının sifət nahiyəsinə qəsdən bir neçə şillə və yumruq zərbəsi vurub. Nəticədə qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını deyib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət-Prosessual Məcəlləsinin isə 40.3 və 305.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Demokrat.az

