Kərkicahana dönüş: 33 ilin həsrətini sona çatdıran yol - FOTOLAR

Kərkicahana dönüş: 33 ilin həsrətini sona çatdıran yol - FOTOLAR backend

Bəzən bir insanın doğma yurduna qayıdışı təkcə bir ünvan dəyişikliyi deyil, bir  ömrün gerçəkləşən  arzusu olur. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qayıdan  Məhəddin Bəxtiyarov üçün də bu qayıdış, məhz belə bir mənaya malikdir.

O, illər əvvəl Kərkicahanı özünün VAZ-21011 markalı avtomobili ilə tərk etmişdi.

Zaman dəyişdi, illər ötüb keçdi, amma həmin avtomobil onun yaddaşında doğma yurdun ən əziz xatirələrindən biri kimi qaldı. Bu gün isə Məhəddin dayı elini tərk etdiyi həmin avtomobillə doğma Kərkicahana geri dönərək uzun illərin həsrətinə son qoyub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onun həyat yoldaşı Afayət Bəxtiyarova da Kərkicahanı 23 yaşında tərk edib. Bu gün isə o, yenidən öz doğma torpağında yaşayır. Peşəsini sevə-sevə davam etdirən Afayət müəllimə məktəbdə müəllim kimi çalışır, şagirdlərinə elm öyrətməklə yanaşı, Vətən sevgisini, doğma torpağa bağlılığı da aşılayır. O, eyni dəyərləri nəvələrinə də ötürərək, Kərkicahan sevgisini gələcək nəsillərə miras qoyur.

Bu ailənin hekayəsi Böyük Qayıdışın ən təsirli nümunələrindən biridir. Çünki onların geri dönüşü təkcə bir evə deyil, uşaqlıq xatirələrinə, yarımçıq qalan arzulara və doğma torpağın qucağına qayıdışdır.İllər boyu həsrətlə gözlənilən bu an artıq gerçəyə çevrilib. Kərkicahan yenidən öz sakinlərinin səsi ilə canlanır, həyət-bacalar yenidən nəfəs alır.

Bəxtiyarovların ailəsi bu torpaqda yeni həyat quraraq, keçmişlə gələcək arasında möhkəm bir körpü yaradır. İllər əvvəl Kərkicahanı tərk edərkən bəlkə də heç kim düşünmürdü ki, bir gün eyni avtomobil onları yenidən doğma yurdlarına qaytaracaq. Bu gün Bəxtiyarovlar ailəsi artıq öz evində, öz torpağında yaşayır. Böyük Qayıdış proqramı çərçivəsində yazılan bu hekayə, Vətənə qayıdışın, səbrin və qələbənin canlı simvoluna çevrilib.