İşğaldan azad olunduqdan sonra yenidən qurulan Füzuli rayonunda Böyük Qayıdış proqramı çərçivəsində yaşayış məntəqələrinin bərpası davam edir. Rayonun Dövlətyarlı kəndi ilə yanaşı Pirəhmədli kəndində də genişmiqyaslı tikinti işləri sürətlə aparılır. Uzun illər doğma yurd həsrəti ilə yaşayan pirəhmədlilər üçün kənddə müasir yaşayış məntəqəsi formalaşdırılır.
Apa-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, Pirəhmədli kəndində həyata keçirilən yenidənqurma layihəsi üzrə tikinti işləri planlaşdırılmış qrafikə uyğun davam etdirilir.
Onun sözlərinə görə, layihə ümumilikdə 89,63 hektardan çox ərazini əhatə edir. Burada 347 fərdi yaşayış evinin, həmçinin 277 mənzilli, dördmərtəbəli 8 yaşayış binasının tikintisi nəzərdə tutulub.
Quliyeva qeyd edib ki, ilkin mərhələdə 74,69 hektar ərazidə 280 fərdi yaşayış evi inşa olunur və onlardan 146-sının bu ilin sonunadək tamamlanması planlaşdırılır.
Onun sözlərinə görə, birinci mərhələdə 280 ailənin kəndə köçürülməsi nəzərdə tutulur. Hazırda yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati binanın tikintisi davam etdirilir. Eyni zamanda kənddaxili yolların, mühəndis-kommunikasiya xətlərinin və digər infrastruktur layihələrinin icrası istiqamətində hazırlıq işləri aparılır.
Pirəhmədlidə həyata keçirilən yenidənqurma işlərinin başa çatması ilə növbəti köç karvanlarından birinin də bu kəndə yola salınması gözlənilir. Beləliklə, illərlə doğma torpaqlarından ayrı düşən sakinlər doğma ocaqlarına qayıdaraq yeni və müasir şəraitdə həyatlarını yenidən quracaqlar.

