İran, gəmisinə edilən hücuma görə qisas olaraq Ukraynadakı dəniz limanına zərbə endirməyi düşünsə də, diplomatik səylər gərginliyin azalmasına kömək edib.
Oxu.Az xəbər verir ki, bu məlumatı "The New York Times" nəşri İran və Qərb diplomatlarına istinadla yayıb.
Mənbələrin sözlərinə görə, kəşfiyyat məlumatlarına əsasən, Tehran Ukraynaya "nisbətən kiçik ziyan vurmaq üçün simvolik zərbə" məqsədilə ballistik raket buraxmağı planlaşdırırmış. Bəzi mənbələr hədəfin, ehtimal ki, ölkənin Qara dəniz limanlarından biri olacağını güman ediblər.
Nəşr vurğulayır ki, İrandan Ukraynaya buraxılacaq hər hansı raket kəskin eskalasiya mənasına gələr və iki ölkə arasında daha genişmiqyaslı münaqişənin yaranmasına səbəb ola bilərdi.
İran rəsmiləri münaqişənin onların cavab zərbəsi ilə başa çatacağını gözləyirdilər. Lakin Qərb nümayəndələri Kiyevin buna necə reaksiya verəcəyini əvvəlcədən təxmin etməyin çətin olduğu barədə xəbərdarlıq ediblər.
Ötən gün İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığından sonra hər iki tərəfin gərginliyin artmasında maraqlı olmadığını, lakin Tehranın baş vermiş hücumları qəbuledilməz saydığını qeyd edib.
A.Əraqçı öz "X" hesabında bildirib: "Dəymiş zərər ödənilməlidir".
Öz növbəsində, A.Sibiqa "X" platformasında iranlı nazirlə danışığı zamanı "hər hansı eskalasiya addımlarından çəkinməyə" çağırdığını və Ukraynanın "mülki gəmiləri heç bir halda hədəfə almadığını" diqqətə çatdırıb.
Xatırladaq ki, ötən həftə rəsmi Tehran Kiyevi İran gəmisinə hücum etməkdə və bir dənizçinin həyatını itirməsində təqsirləndirib. Bunun ardınca Ukraynanın müvəqqəti işlər vəkili XİN-ə çağırılaraq ona etiraz notası verilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, Ukrayna və onu dəstəkləyən ölkələr İran gəmisinə hücuma görə məsuliyyət daşımalıdırlar və bu, cavabsız qalmayacaq.

