Fevralın 27-dən martın 2-dək Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 20-40 sm artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 500-700 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında isə sululuq ongünlük normanın 170-190, Kiçik Qafqazın çaylarında 80-110, Naxçıvan MR çaylarında 20 faizini təşkil edir.Martın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 170 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 40 m3/s təşkil edərək ongünlük normanın 48 faizinə bərabər olub.
Martın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində və Şirvanda 6, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Bankədə isə 2 sm artım qeydə alınıb.